Elman Abdullayev: “Ermənilərin və onların havadarlarının bütün planlarını Heydər Əliyev hakimiyyətə qayıtmaqla pozdu”

Elman Abdullayev: “Ermənilərin və onların havadarlarının bütün planlarını Heydər Əliyev hakimiyyətə qayıtmaqla pozdu”
# 28 fevral 2014 09:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanın həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması bundan sonra da davam etdiriləcək.

APA-nın xəbərinə görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlara həsr olunmuş “Sumqayıt, 1988. Cinayət və cəza” kitabının təqdimat mərasimində çıxışı zamanı bildirib ki, Azərbaycanın beynəlxalq ictimaiyyətə deyiləsi sözü çoxdur.

Onun sözlərinə görə, Sumqayıt hadisələrini törədənlər, onun arxasında duranlar tarixən böyük tolerantlıq ənənəsi olan Azərbaycana ləkə yaxmaq, imicinə zərər vermək cəhdi edirdilər.

E. Abdullayev qeyd edib ki, təqdimatı keçirilən bu kitabın da əsas məqsədi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır: “Azərbaycan xalqına qarşı həmlələr tək Sumqayıt, Xocalı hadisələri vasitəsilə deyil, əsrlər boyu düşünülmüş planlar şəklində icra olunurdu. Lakin ermənilərin və onların havadarlarının bütün planlarını Heydər Əliyev hakimiyyətə qayıtmaqla pozdu. Azərbaycanın adına ləkə yaxmaqla bağlı ermənilərin istəklərinin qarşısı alındı. İndi hardan-hara gəldiyimizi gözlərimizlə görürük”.

XİN sözçüsü deyib ki, bu gün beynəlxalq münasibətlər arenası mürəkkəb bir sistemdir. Onun sözlərinə görə, bu sistemdə, arenada hər bir ölkə, o cümlədən Azərbaycan özünü təsbit etməli, həqiqətlərin çatdırılması üçün savaşmalıdır. XİN rəsmisi vurğulayıb ki, xüsusilə yeni formalaşan, inkişafının ən önəmli mərhələsinə qədəm qoyan bir ölkə üçün bu çox önəmlidir: “Bu gün Azərbaycan etibarlı əllərdədir, həqiqətlərin dünyaya çatdırılmasında mühüm işlər görülür və beynəlxalq arenada önəmli addımlar atırıq. Azərbaycanın təbliği istiqamətində atılan addımlar çox effektivdir. Dünya ölkələrində Azərbaycanın 80-ə yaxın diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Lakin ölkənin təmsil edilməsində tək dövlətin təmsilçiliyindən getmir. Azərbaycan dövlətinin ətrafında bütün cəmiyyət, xalq, soydaşlar, Azərbaycanı sevənlər birləşib. Bu da bizim təbliğatımızı, dünyanın çatdırılmasını olduqca sürətləndirib”.

E.Abdullayev bildirib ki, Sumqayıt hadisələri, Xocalı və digər faciələrin dünyaya çatdırılması istiqamətində görüləsi işlər hələ ki var və Xarici İşlər Nazirliyi buna hər zaman öz dəstəyini göstərəcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR