Bu il üçün Azərbaycanın Xalq Yaradıcılığı paytaxtlarının təqdimatı keçirilib

 Bu il üçün Azərbaycanın Xalq Yaradıcılığı paytaxtlarının təqdimatı keçirilib
# 04 mart 2014 10:03 (UTC +04:00)

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ilin ənənəsinə uyğun olaraq, Xalq Yaradıcılığı paytaxtları elan olunur. Onun sözlərinə görə, layihənin həyata keçirilməsində məqsəd folklor, diyarşünaslıq və sənətkarlıq kimi qeyri-maddi mədəni irsin qorunması və təbliğidir. Nazir deyib ki, 5 il öncə başlanmış bu layihəyə hazırda maraq artmaqdadır: “Artıq rayonların arasında rəqabət də görünür. Bu layihə 5 il müddətinə nəzərdə tutulub, lakin əldə olunmuş nailiyyətlər, müraciətləri nəzərə alaraq, yəqin ki, yaxın günlərdə kollegiyanın qərarı ilə bu layihəni 5 il də uzada biləcəyik. Çünki Azərbaycanın qeyr-maddi irsi daha zəngindir. Biz qeyd etməliyik ki, layihə insanların gündəlik həyatında iz buraxıb və gələcəyə daha da ümidlə baxmağa imkan verir. Layihə qeyri-maddi irsin saxlanmasına böyük əhəmiyyət verir. Bu proqramların digər regionlarda da davam etdirilməsi nəzərdə tutulur”.

Nazir qeyd edib ki, Azərbaycanın təqdim etdiyi nominasiyalar həmişə beynəlxalq dəstək alır.

Ə. Qarayev bildirib ki, Azərbaycanda keçmiş SSRİ dövründən fəaliyyət göstərən klubların tədricən istiqamətinin dəyişdirilməsi və Xalq Yaradıcılığı Mərkəzinə çevrilməsi xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, “Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına dair” Dövlət Proqramına uyğun olaraq, müvafiq işlər görülür.

Sonra layihəyə uyğun olaraq, Qəbələ “Azərbaycanın Əfsanələr Paytaxtı”, Balakən “Azərbaycanın Folklor Paytaxtı” və Abşeron “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan edilib.

Qeyd edək ki, Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı təsdiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR