İsmayıllıda süd istehsalı üzrə ailə fermer təsərrüfatları yaradılacaq

İsmayıllıda süd istehsalı üzrə ailə fermer təsərrüfatları yaradılacaq
# 13 fevral 2014 14:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Sahibkarlığa Kömək Milli Fondu (SKMF) «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda növbəti tədbirini İsmayıllı rayonunun Təzəkənd kəndində keçirib.

SKMF-dən «APA-Economics»ə verilən məlumata görə, 150-dən çox sahibkarın iştirak etdiyi tədbirdə İsmayıllı rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin, müasir quşçuluq, intensiv bağçılıq, arıçılıq təsərrüfatlarının və kiçik dulusçuluq müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib. Sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Nazirliyin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev, Dağlıq Şirvan regional bölməsinin müdiri Azər Qasımov çıxışlarında sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, ölkənin digər regionları kimi, İsmayıllıda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd ediblər.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev İsmayıllı rayonunda güzəştli kreditlər hesabına həyata keçirilən layihələr, güzəştli kredit alınması üçün yaradılmış elektron idarəetmə sistemi və onun üstünlükləri barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, bu il Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 365 investisiya layihəsinin maliyyələşdirilməsinə 10,3 mln. manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 800-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edək ki, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 110 investisiya layihəsinin maliyyələşdirilməsinə 41,4 mln. manat güzəştli kredit verilib.

«Sahibkarlığın inkişafına dövlət dəstəyi» tədbiri çərçivəsində İsmayıllı və ətraf rayonlarda fəaliyyət göstərən 54 sahibkara 535 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, üzümçülük, arıçılıq, taxılçılıq, bağçılıq və digər sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 80-dən çox yeni iş yerinin açılmasına imkan verəcək. Tədbir çərçivəsində həmçinin, İsmayıllı rayonunun Keyvəndi kəndində güzəştli kredit ayrılmış 1 000 başlıq südlük və ətlik istiqamətli müasir heyvandarlıq kompleksində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib. Kompleksin bu ilin ikinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur. Kompleks işə başladıqdan sonra burada 70-dən çox yeni iş yeri açılacaq. SKMF tərəfindən bu investisiya layihəsinin maliyyələşdirilməsinə 3,5 mln. manat güzəştli kredit verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR