Gürcüstanın İctimai Televiziyasında milli azlıqların dilində NATO və Assosiasiya Sazişi barədə süjetlər yayımlanacaq

Gürcüstanın İctimai Televiziyasında milli azlıqların dilində NATO və Assosiasiya Sazişi barədə süjetlər yayımlanacaq
# 21 may 2014 17:29 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan prezidentinin təşəbbüsü ilə milli azlıqlarla NATO və Avropa Birliyi haqqında, eyni zamanda Gürcüstanın AB ilə Assosiasiya Sazişi barədə bəhs edən televiziya süjetləri çəkiləcək və Gürcüstanın İctimai Televiziyası ilə yayımlanacaq. Süjetlər Gürcüstanın İctimai Televiziyası və Dialoq və İnkişaf Fondu ilə birgə hazırlanıb prezident administrasiyasının təşəbbüsü və dəstəyi ilə əhaliyə çatdırılacaq.

Gürcüstanda fəaliyyət göstərən Dialoq və İnkişaf Fondunun rəhbəri Ramilə Əliyeva APA-ya açıqlamasında onun rəhbərlik etdiyi təşkilatın prezident administrasiyası ilə əməkdaşlığıa başladığını bildirib: “ Administrasiyanın dəstəyi ilə Fondumuz Avropa Birliyi və NATO haqqında videoçarxalar, video reportajlar hazırlayacaq. Bu reportajlar sonra Gürcüstanın İctimai Televiziyası ilə 5 dildə yayımlanacaq. Süjetlər аzərbaycan, osetin, abxaz, rus və erməni dillərində səsləndiriləcək. Bu layihəni biz hazırlayıb prezident administrasiyasına təqdim edəndə bir çox beynəlxalq və yerli strukturlarla məsləhətləşmələr apardıq, o cümlədən bizim NATO-nun Gürcüstandakı əlaqələndirici ofisi və NATO və AB-nin İnformasiya Mərkəzi ilə məsləhətləşmələrimiz olub. NATO rəsmiləri milli azlıqlarla aparılacaq işlərin müsbət nəticələr verəcəyini dəstəklədilər”.

Gürcüstan prezidentinin milli azlqılar üzrə məsləhətçisi Sofiya Şamadini müzakirə zamanı qeyd edib ki, milli azlıqlar arasında Gürcüstanın Avropa seçimi və Avropaya inteqrasiya barədə məlumatı xüsusilə zəifdir. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar da bu istiqamətdə milli azlıqlarla iş aparmağın vacibliyini vurğulayırlar.

Qeyd edək ki, Sofiya Şamadini ilə görüşü zamanı Gürcüstan Televiziyasının baş direktoru G. Barataşvili yaxın zamanda mövzu ilə bağlı çəkilən süjetlərin yayımlanacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR