Azərbaycanda dövlət qurumları istehlak etdiyi enerjinin pulunu tam ödəməyib

Azərbaycanda dövlət qurumları istehlak etdiyi enerjinin pulunu tam ödəməyib
# 18 fevral 2014 15:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 792,3 mln. kVt/saat elektrik enerjisi istehlak edilib. «APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2012-ci illə müqayisədə 3,5% çoxdur.

Ötən il ölkədə 201,2 min Qkal istilik enerjisi, 110,8 mln. kubmetr təbii qaz, 26,2 mln. kubmetr su, 10,0 mln. manatlıq rabitə xidmətləri istehlak edilib. Əvvəlki illə müqayisədə istilik enerjisinin istehlakı 9,9%, suyun istehlakı 4,4%, rabitə xidmətlərinin istehlakı 4,2%, təbii qazın istehlakı 2,2% artıb.

İstifadə edilmiş elektrik və istilik enerjisi, təbii qaz, su və rabitə xidmətlərinin ümumi dəyəri 3,3% artaraq 157,9 mln. manat təşkil edib.

Ötən il ərzində istehlakın ümumi dəyərinin 68,1%-ni elektrik enerjisi, 15,2%-ni su, 6,9%-ni təbii qaz, 6,3%-ni rabitə xidmətləri, 3,5%-ni isə istilik enerjisi təşkil edib.

Hesabat ilində büdcə təşkilatları istifadə olunmuş mal və xidmətlərin ümumi dəyərinin 97,7%-ni ödəməklə 3,7 mln. manatını kəsirdə qoyub. İstehlak edilmiş elektrik enerjisinin 3,1 mln. manatı, istilik enerjisinin 177,1 min manatı, təbii qazın 104,2 min manatı, suyun 300 min manatı, rabitə xidmətlərinin isə 45,7 min manatı ödənilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR