Ağcabədi rayonunda baş vermiş silahlı insidentlə bağlı ölkə rəhbərliyinə müraciət edilib

Ağcabədi rayonunda baş vermiş silahlı insidentlə bağlı ölkə rəhbərliyinə müraciət edilib
# 14 yanvar 2014 13:11 (UTC +04:00)

Bakı. Etibar Məmmədov, Fuad Cəfərov - APA. Bu gün Bakıda ötən il dekabrın 30-da Ağcabədi rayonunda baş vermiş silahlı insidentlə əlaqədar mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə Milli Qəhrəman Namiq Abdullayevin qardaşı İqbal Abdullayev zərərçəkmiş ailənin nümayəndəsi kimi çıxış edərək bildirib ki, silahlı basqın nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Onun sözlərinə görə, Ağcabədi Rayon Prokurorluğu baş vermiş hadisəyə ciddi reaksiya verməyib. İ. Abdullayev cinayət işinin rayon Prokurorluğundan alınmasını, Respublika Prokurorluğuna verilməsini tələb etdiklərini bildirib: “Milli Qəhrəmanın ailəsinə 17 nəfərdən ibarət silahlı basqın olub. Cinayətin başında duran əsas adamlar isə azadlıqdadır. Ağcabədi rayon Prokurorluğu məsələyə biganə münasibət göstərir. İndiyədək bizdən 9 nəfər, qarşı tərəfdən isə 12 nəfərin ifadəsi alınıb. Amma ortada bir nəticə yoxdur. Zahid Qarayev can verəndə son nəfəsində onu Yadigar Ağayevin vurduğunu deyib. Lakin Yadigar Ağayev hələ də azadlıqdadır. Biz şikayət edirik ki, əsas cinayətkarlar azadlıqdadır, yalnız bir nəfər ruhi xəstə kimi təqdim olunan Anar Baxşəliyev həbs edilib”.

İ. Abdullayev hadisənin düzgün araşdırılması, obyektiv qiymət verilməsi üçün Azərbaycan prezidenti İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova müraciət etdiklərini açıqlayıb.

Zərərçəkmiş ailənin vəkili Tərlan Xanəliyev isə qeyd edib ki, hadisəyə hüquqi müstəvidə qiymət verilmir: “Bu iş üzrə bir neçə nəfər məsuliyyətə cəlb olunmalı idi. Bundan sonra baş verə biləcək neqativ halların qarşısını almaq olar. Bu ailənin həyatı təhlükə altındadır. Hadisədən 15 gün keçməsinə baxmayaraq, hələ bir nəfər zərərçəkmiş qismində tanınıb. Lakin burda ailənin əksəriyyət üzvləri zərər çəkib. Bu ailənin istəyi ondan ibarətdir ki, cinayəti törətmiş şəxslər öz cəzalarını alsınlar”.

Ağcabədi rayon prokuroru vəzifəsini icra edən Ələstun Quliyev isə APA-ya açıqlamasında bildirib ki, rayonun Avşar kəndində dekabrın 30-da Zahid Qarayevə atəş açılması və onun yanvarın 3-də Bakıdakı Elmi-Tədqiqat Klinik Cərrahiyə İnstitutunda vəfat etməsi faktı ilə bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 ( qəsdən adam öldürmə),228.1 (qanunsuz olaraq odlu silah gəzdirmə )maddələri ilə cinayət işi başlanılıb.

Ə. Quliyev həmçinin bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən Anar Bəxşəliyev könüllü olaraq polisə gəlib və cinayətdə istifadə edilən silahı istintaqa təqdim edib. Ağcabədi Rayon Məhkəməsində A. Baxşəliyev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Zərərçəkənin hüquqi varislərinin irəli sürüdüyü vəsatətlər istintaq tərəfindən araşdırılır. Aparılan araşdırmaların sonunda toplanmış materiallara hüquqi qiymət verilməklə qanuna müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, ötən il dekabrın 30-da Ağcabədi rayonunun Avşar kəndində silahlı insident olub. Silahlı insident zamanı Zahid Qarayev adlı şəxs güllə yarası alıb. O, ağır vəziyyətdə Bakıdakı Elmi-Tədqiqat Klinik Cərrahiyə İnstitutuna yerləşdirilsə də, Zahid Qarayevi xilas etmək mümkün olmayıb.

Şəhid Milli Qəhrəman Namiq Abdullayevin qardaşı Vüsal Abdullayevi vurmaq istəyən kənd sakinləri Zaur Baxşəliyev və Anar Baxşəliyev onun yaşadığı evin həyətinə gəliblər. Elə bu zaman V. Abdullayevə atılan güllələr onun əmisi Zahid Qarayevə dəyib. Bildirilir ki, münaqişəyə səbəb qohumluq əlaqələrinin pozulması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR