Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən xəstələrlə bağlı mövcud olan problemlər açıqlanıb

Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən xəstələrlə bağlı mövcud olan problemlər açıqlanıb
# 13 mart 2014 13:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin müayinə və müalicəsi ilə bağlı mövcud olan problemlər açıqlanıb. APA-nın xəbərinə görə, M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev Doqquzuncu Ümumdünya Böyrək Gününə həsr olunmuş elmi-praktiki konfransda çıxışı zamanı deyib ki, son illər bir sıra hallarda xəstələr tam göstəriş olmadan hemodializə cəlb olunurlar. Xəstələrin hemodializə qoşulması üçün konkret göstəricilərin olduğunu deyən F.Babayev qeyd edib ki, bəzən bu göstəricilər aşağı halda olsa belə, xəstələr hemodializə cəlb edilirlər. Onun sözlərinə görə, nəticədə belə xəstələr məcburən bundan sonrakı ömürlərini hemodializlə keçirməli olurlar: “Bir müddət öncə Respublika Klinik Uroloji Xəstəxanasına müraciət edən xəstələr arasında 19 nəfər bir neçə seansdan sonra hemodializdən ayrılıblar, 51 nəfər xəstə isə konservativ müalicəyə cəlb olunub və onlarda hemodializ seansları aparılmayıb. Çox istərdim ki, Səhiyyə Nazirliyinin hemodializ üzrə komissiyası xəstələrin sənədlərinin qəbul edilməsi və onların hansısa mərkəzə yerləşdirilməsi ilə deyil, eyni zamanda, xəstələrin tibbi-klinik durumlarına yanaşma ilə məşğul olsunlar”.


Şöbə müdiri qeyd edib ki, texniki cəhətdən müəyyən problemlər də mövcuddur. Onun sözlərinə görə, həftədə 4-5 dəfə regionlarda fəaliyyət göstərən mərkəzlərdən komissiya üzvlərinə aparatlarla bağlı bir çox müraciətlər daxil olub. O, texniki cəhətdən problemin həll olunması üçün texniki heyətin sayının artırılmasına böyük ehtiyac olduğunu bildirib: “Digər problem isə bu sahədə çalışan işçilərin əmək haqları ilə bağlıdır. Bu sahədə çalışan işçilərin hansısa formada əməyinin stimullaşdırılması məsələsinə baxmaq lazımdır. Tibb işçilərinin həvəsini, marağını bu sahəyə artırmaq üçün əmək haqlarının nisbətən artırılmasına ehtiyac var. Bu problem həll edilsə, mövcud sahə üzrə kadr çatışmazlığı məsələsinin həllinə də nail olmaq olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR