Şəmkirdə “Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində qonşu ölkələr arasında əməkdaşlıq” layihəsinin təqdimatı keçirilib

Şəmkirdə “Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində qonşu ölkələr arasında əməkdaşlıq” layihəsinin təqdimatı keçirilib
# 13 fevral 2014 14:18 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Bu gün Şəmkirdə “Şərq Tərəfdaşlığı Təşəbbüsü Çərçivəsində Qonşu Ölkələr Arasında Əməkdaşlıq” layihəsinin təqdimatı olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Şərq Tərəfdaşlığı Təşəbbüsü Çərçivəsində Qonşu Ölkələr Arasında Əməkdaşlıq” layihəsinin məqsədi Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna kimi ölkələr arasında siyasi, iqtisadi və sosial əlaqələri daha da genişləndirməkdir. Proqramın eksperti Tatyana Derevyankina bildirib ki, layihə çərçivəsində adıçəkilən ölkələr arasında əməkdaşlığın inkişafı məqsədilə Avropa Birliyi 3 proqramın icrasını nəzərdə tutur. Bu proqramlar Ermənistan və Gürcüstan, Azərbaycan və Gürcüstan, eləcə də Belarus və Ukraynanı əhatə edir. Layihə üçün 12.5 milyon manat vəsait ayrılıb.

Layihələr adıçəkilən ölkələr üzrə elm, təhsil, səhiyyə, idman, mədəniyyət, yerli və regional hakimiyyət orqanları və s. sahələri əhatə edəcək: “Birgə layihələr iqtisadi və sosial inkişafa dəstək göstərməklə yerli icmaların həyat şəraitinin yaxşılaşdırılması, məşğulluq, səhiyyə və s. sahələrdə ümumi problemlərin həlli, eləcə də sərhəd bölgəsində yaşayan əhali arasında ümumi fəaliyyətlərə və yaxınlaşmaya xidmət göstərəcək”, - deyə Tatyana Derevyankina bildirib.

Azərbaycan və Gürcüstan arasında ərazi əməkdaşlıq proqramına qonşu ölkənin Kvemo Kartli, Kaxeti və Azərbaycan üzrə Gəncə-Qazax, Şəki-Zaqatala regionları daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR