“Global Finance” jurnalı Azərbaycan Beynəlxalq Bankını ölkənin ən yaxşısı elan edib

“Global Finance” jurnalı Azərbaycan Beynəlxalq Bankını ölkənin ən yaxşısı elan edib
# 07 aprel 2014 11:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Beynəlxalq Bankını (ABB) “Global Finance” jurnalının versiyasına görə ölkənin ən yaxşı bankı elan edilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, qaliblər “Global Finance” jurnalının redaksiya üzvlərindən ibarət komissiya tərəfindən müəyyən edilib. Bu komissiyaya bank və maliyyə məsləhətçiləri, həmçinin beynəlxalq şirkətlərin və korporasiyaların rəhbərliyindən ibarət olub.

Qalibin seçilməsində əsas meyar kimi, maliyyə və iqtisadi göstəricilər göstərilib. Bura aktivlərin artımı, gəlirlilik, strateji inkişaf, müştərilərə göstərilən xidmət, rəqabət üstünlüyü və innovativ məhsullar aiddir.

Xatırladaq ki, 2013-cü ilin yekunlarına görə, ABB göstəricilərini xeyli yaxşılaşdırıb. Belə ki, ötən il bankın aktivləri 21,7% artaraq bu ilin yanvar ayının 1-nə 7,172 mlrd. manat olub. Bankın kredit portfeli ötən illə müqayisədə 30,5% artaraq 5,033 mlrd. manat olub. Əhalinin banklara qoyduğu əmanətlərin həcmi isə ötən il 22,2% artaraq 1,613 mlrd. manat təşkil edib.

Qeyd edək ki, “Global Finance” jurnalı 1987-ci ildən nəşr olunur. 163 ölkədə oxunan jurnalın tirajı 50 min nüsxədir. “Global Finance” baş ofisi Vaşinqtonda (ABŞ) yerləşir. Həmçinin, London (Böyük Britaniya), Rio-de-Janeyro (Braziliya) və Milanda (İtaliya) ofisləri fəaliyyət göstərir.

Azərbaycan Beynəlxalq Bankı isə 1992-ci yaradılıb və ölkənin ən iri bankıdır. Hazırda bankın kapitalının 50,2%-i Azərbaycan hökumətinə, 49,8%-i isə özəl səhmdarlara məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR