Azərbaycanda fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 2% artıb

Azərbaycanda fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 2% artıb
# 21 aprel 2014 08:38 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda fərdi şəxsi hesaba malik sığorta olunanların sayı 2 739 808 nəfərə yüksəlib. Bu ilin 1 aprelinə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 1,8% artıb.

Fondun mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ilin I rübündə DSMF tərəfindən əlavə olaraq 48 451 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi şəxsi hesab açılıb.

Belə ki, DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan həmin sığortaolunanların 58,7%-i kişi, 41,3%-i isə qadındır. Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 22,2%-ni 30 yaşa kimi vətəndaşlar, 24,2%-ni 30-40 yaş aralığında olan vətəndaşlar, 21,9%-ni 40-50 yaş aralığında olan vətəndaşlar, 21,2%-ni 50-60 yaş aralığında olan vətəndaşlar, 10,5%-ni 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Belə ki, istənilən sığortaolunan “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidməti vasitəsilə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR