Rumıniya dövlət katibi: “AGRİ layihəsi Azərbaycanla strateji tərəfdaşlığımızın flaqmanı ola bilər”

Rumıniya dövlət katibi: “AGRİ layihəsi Azərbaycanla strateji tərəfdaşlığımızın flaqmanı ola bilər”
# 14 mart 2014 16:26 (UTC +04:00)

APA-nın məlumatına görə, B.Auresku Bakıda Azərbaycan xarici işlər nazirinin müavinləri Araz Əzimov və Xələf Xələfovla görüşlər keçirib.

B.Aureskunun sözlərinə görə, apreldə Buxarestdə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək. Həmin iclasda tərəflər ticarət əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə edəcək.

“Ötən il iki ölkə arasında ticarət dövriyyəsi cəmi 100 milyon avro təşkil edib. Biz bu göstəricini yaxşılaşdırmaq istəyirik”, - deyə o vurğulayıb.

Görüşlərdə həmçinin Rumıniyada Azərbaycan sərmayələrinin həcminin artırılması müzakirə olunub.

B.Auresku qeyd edib ki, artıq SOCAR Rumıniyada 25 yanacaq-doldurma məntəqəsi açıb. Onun sözlərinə görə, Rumıniya baş nazirinin ötən ilin yayında Azərbaycana səfəri zamanı Rumıniyaya yatırılan Azərbaycan sərmayələrinin artırılması ilə bağlı razılıq əldə olunub. Bununla əlaqədar olaraq Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və ARDNŞ prezidenti yaxın zamanlarda Rumıniyaya səfər etməyi planlaşdırırlar.

Bakıda keçirilən görüşlər zamanı həmçinin Xəzər və Qara dənizləri arasında nəqliyyat dəhlizi layihələri, habelə maye qaz nəqli layihəsi (AGRİ) müzakirə olunub. Rumıniya dövlət katibinin sözlərinə görə, tezliklə AGRİ layihəsinin texniki-iqtisadi əsaslandırması başa çatacaq.

“Biz hesab edirik ki, AGRİ maraqlı layihədir. Bu layihə Azərbaycanla strateji tərəfdaşlığımızın flaqmanı ola bilər”, - deyə B.Auresku vurğulayıb.

B.Aureskunun sözlərinə görə, Bakıya səfəri çərçivəsində həmçinin Azərbaycanın Avropa Birliyi və NATO ilə əməkdaşlığı, regional məsələlər və Ukraynadakı durum müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR