“Sovetski” sakinləri ilə baş nazirin müavini Abid Şərifovun başçılıq etdiyi heyətin görüşü başa çatıb - YENİLƏNİB 1

“Sovetski” sakinləri ilə baş nazirin müavini Abid Şərifovun başçılıq etdiyi heyətin görüşü başa çatıb - <span style="color: red;">YENİLƏNİB 1
# 18 fevral 2014 14:41 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə sakinlərin yaratdığı Təşkilat Komitəsinin sədri Namiq Quliyev məlumat verib.

Onun sözlərinə görə, görüşdə “Sovetski” sakinlərinin tələbləri baş nazirin müavini Abid Şərifovun başçılıq etdiyi heyətə təqdim olunub: “Belə razılığa gəlindi ki, tələblərimizə martın 3-də cavab veriləcək”.

N.Quliyev qeyd edib ki, hökumət nümayəndələri hər bir sakinin razılığı olmadan evinin sökülməyəcəyi barədə vəd veriblər: “Mətbuatda söküntülərin başlanması haqqında xəbərlər həqiqəti əks etdirmir”.

* * *

17:03

Bakı. Etibar Məmmədov - APA. Bakının “Sovetski” kimi tanınan ərazisində yaşayan sakinlərin tələblərinə baxılacaq və bir həftə ərazində onlara məlumat veriləcək.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov “Sovetski” sakinləri ilə Yasamal rayonundakı 150 saylı orta məktəbin zalında keçirilən görüşdə bildirib.


Onun sözlərinə görə, ərazidə kiminsə tərəfindən hotel və ya yaşayış evi tikiləcəyi barədə xəbərlər şayiədir: “Burdan kiminsə zorla köçürülməsindən söhbət gedə bilməz. Camaat arasında narazılıq yaradanlara Allah insaf versin. Hələ ortada bir şey yoxdur, aləmi qarışdırmağa da ehtiyac yoxdur. Kimisə zorla bu ərazidən çıxarmaq mümkün olan iş deyil. Qaz, su, işığı kəsmək məsələsi də olmayacaq. Tam məsuliyyətimlə söz verirəm ki, ərazidə sizin iştirakınızla komissiya qanunauyğun şəkildə işləyəcək”.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev də bildirib ki, “Sovetski”nin köçürülməsi məsələsi həmişə gündəmdə olub: “Bu, həm də sakinlərin şəraitinin yaxşılaşmasına xidmət edəcək. Kompensasiya hesablananda xidməti tikinti, anbar, hətta həyətdə əkilən ağacın da pulu nəzərə alınacaq. Heç bir adamı məcburi burdan köçürmək niyyəti yoxdur. Kim istəyirsə, pulunu bankdan alıb getsin, kim razı deyilsə o evindən məcbur çıxarılmayacaq”.


İcra başçısı qeyd edib ki, sakinlərin tələbləri əks olunan müraciətə də baxılacaq və bir həftə ərzində cavab veriləcək.

***

16:05

Bakı. Etibar Məmmədov - APA. Bakının “Sovetski” kimi tanınan ərazisində yaşayan sakinlərlə hökumət nümayəndələrinin görüşü başlayır.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, sakinlərlə baş nazirin müavini Abid Şərifov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov və həmin ərazidən millət vəkili seçilmiş Ülvi Quliyev görüşür.

Görüş Yasamal rayonundakı 150 saylı orta məktəbin zalında keçirilir.

Qeyd edək ki, Bakının “Sovetski” kimi tanınan ərazisinin bir qrup sakini evlərinin sökülməsi müqabilində onlara veriləcək kompensasiyanın miqdarından narazılıq ifadə ediblər.

Sakinlərə hər kvadratmetr üçün 1500 manat təklif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR