Azərbaycanın müdafiə naziri NATO PA-nın prezidentini qəbul edib

Azərbaycanın müdafiə naziri NATO PA-nın prezidentini qəbul edib
# 17 iyun 2014 11:55 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO Parlament Assambleyasının prezidenti Hüqh Bayleyi (Böyük Britaniya) qəbul edib.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri NATO Parlament Assambleyasının prezidentinə bölgədəki hərbi-siyasi vəziyyət barədə məlumat verib, həmçinin Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, bunun nəticəsində sülh prosesinin yubanması və danışıqların qəsdən uzadılmasının regiondakı şəraitə mənfi təsir göstərməsi məsələsini xatırladıb.

Müdafiə naziri son zamanlar cəbhə bölgəsində baş verən atəşkəs rejiminin pozulması hallarının artmasını xüsusi qeyd edərək, bu təxribatların erməni silahlı bölmələri tərəfindən törədilməsinə diqqəti yönəldib.

Bakıda keçirilən NATO Parlament Assambleyasının “Rose-Roth” seminarında iştirak edən Hüqh Bayley öz növbəsində qəbul və onu maraqlandıran məsələlər barədə ətraflı məlumatlandırıldığı üçün müdafiə nazirinə təşəkkürünü bildirib. Regiondakı sülhün bərqərar olması üçün səylərin daha da artırılmasının vacibliyini vurğulayıb.

Görüşdə regional məsələlər, Azərbaycan-NATO ikitərəfli əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR