Bakıda «Təmiz Şəhərim» fotosərgisi keçiriləcək

Bakıda «Təmiz Şəhərim» fotosərgisi keçiriləcək
# 17 fevral 2014 08:15 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Fevralın 21-də «Təmiz Şəhər» ASC-nin Qala qəsəbəsində reallaşdırdığı «Tullantıların xüsusi idarə edilməsi Layihəsi» çərçivəsində keçirilən «Təmiz Şəhərim» fotoşəkil müsabiqəsinin yekunlarına dair fotosərgi başlayacaq. «Təmiz Şəhər» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, bu müsabiqə Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilib.

«Mətn və yazılarla müqayisədə gənclərin fotolara daha böyük marağının olması və onlar tərəfindən görüntülərin daha tez qavranılması maarifləndirmənin səmərəliliyini artırır. Son dövrlərdə dövlət tərəfindən ekologiya, xüsusilə, bərk məişət tullantılarının idarə edilməsi sahəsinə göstərilən qayğı və diqqətlə bərabər ictimai dəstək bu sahənin inkişafını səciyyələndirib», - deyə təşkilatın məlumatında bildirilir.

«Təmiz Şəhərim» adlı fotomüsabiqənin keçirilməsində əsas məqsəd «yaşıl düşüncə» prinsipini təbliğ etmək, tarixən qədim, lakin müasir şəhərimizin gözəlliyinə və onun qorunub saxlanılmasında ətraf mühitə qayğı ilə yanaşmanın roluna gənclərin diqqətini yönəltmək olub.

Keçən il noyabrın 20-dən dekabrın 10-dək keçirilən fotomüsabiqəyə tullantıların təkrar emalı, yenidən istifadə və ümumiyyətlə ekoloji mədəniyyətin inkişaf etdirilməsi kimi mövzuları əhatə edən 300-dən artıq foto təqdim edilib. Bu fotoşəkillər arasında münsiflər heyəti tərəfindən 50 fotoşəkil seçilərək sərgilənmək hüququ qazanıb.

Sərgidə Bakının gözəl və təmiz guşələrini tərənnüm edən fotolar ilə yanaşı, insanlar tərəfindən tullantılarla çirklənmiş bu gözəl məkanları da əks etdirən şəkillər nümayiş etdirilir. Sərginin məqsədi əhalini və şəhərin qonaqlarının bu gözəlliyi birgə qorumağa səsləməkdir.

Sərgi «Qız Qalası» qalereyasında baş tutacaq və üç gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR