Zaqatalada iki gün əvvəl baş verən yol qəzasında xəsarət alanlardan biri ölüb

Zaqatalada iki gün əvvəl baş verən yol qəzasında xəsarət alanlardan biri ölüb
# 24 mart 2014 08:55 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Martın 22-də Zaqatala rayonunda baş verən yol qəzasında xəsarət alanlardan biri dünyasını dəyişib.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, qəza nəticəsində ağır bədən xəsarətləri alan, Zaqatala rayonu Donbabinə kənd sakini, 1991-ci il təvəllüdlü Günel Ramiz qızı Şabanovanın vəziyyəti ağır olduğundan qəza baş verən gün (mart ayının 22-i) Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Günel Şabanova Bakıda xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.

Martın 23-də Günel Şabanovanın meyiti rayona gətirilərək ailəsinə təhvil verilib.

Qeyd edək ki, mart ayının 22-də Zaqatala-Muğanlı yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Rayonun Uzunqazmalar kənd sakini, 1981-ci il təvəllüdlü Kamal Əmrah oğlu Heydərov idarə etdiyi “VAZ-2107” markalı 10 ES 137 dövlət nişan nömrəli avtomobillə Zaqataladan Donbabinə kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarındakı ağaca çırpıb. Qəza nəticəsində sürücü Kamal Heydərov, avtomobildə olan sərnişinlər, Donbabinə kənd sakinləri - 1991-ci il təvəllüdlü Günel Ramiz qızı Şabanova və 1994-cü il təvəllüdlü İranə İlham qızı Dadalova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala MRX-a yerləşdiriliblər. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR