Bakıda istiliklə təmin edilən yaşayış binalarının sayı 3 dəfə artıb

Bakıda istiliklə təmin edilən yaşayış binalarının sayı 3 dəfə artıb
# 24 dekabr 2013 13:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakı şəhərinin və onun qəsəbələrinin kompleks inkişafı ilə paralel aparılan istilik təchizatı layihələrinin həyata keçirilməsi əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verib.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda «Azəristiliktəchizat» ASC-nin sədri Yaşar Həsənov bildirib.

Onun sözlərinə görə, Dövlət Proqramına uyğun olaraq 2011-2013-cü illər ərzində yalnız «Azəristiliktəchizat» tərəfindən yaşayış binaları və sosial obyektlərin istilik təchizatının bərpası və yaxşılaşdırılması ilə bağlı 664 layihə icra edilib: «Dövlət Proqramında təhsil və səhiyyə müəssisələrinin istilik təchizatı sistemlərinin bərpası ilə bağlı icrası «Azəristiliktəchizat» tərəfindən nəzərdə tutulmuş bəzi layihələr Bakı şəhər İcra Hakimiyyəti və aidiyyəti nazirliklər tərəfindən binaların əsaslı təmiri layihələri çərçivəsində tam həyata keçirilib. Proqramın icrası müddətində yaranmış zərurətlə əlaqədar əlavə olaraq 3 məktəbin və 1 səhiyyə obyektinin məhəllədaxili, aşağı paylama və binadaxili istilik sistemi tamamilə yenidən qurulub, 4 yeni qazanxana tikilib, 5 qazanxana ən müasir avadanlıqlar quraşdırılmaqla tam modernləşdirilib, rayonun istilik qazanxanalarından qidalanan 9 istilik məntəqəsi yenidən qurulmaqla məhəlli qazanxanaya çevrilib, 101 yaşayış binasının məhəllədaxili və aşağı paylama istilik sistemi tamamilə yenidən qurulub».

Y.Həsənov deyib ki, həyata keçirilən bütün bu tədbirlər nəticəsində Ələt, Müşfiqabad, Biləcəri, Badamdar və digər qəsəbələrdə uzun illər istiliklə təmin edilməyən çoxmərtəbəli yaşayış binalarının istilik təchizatı bərpa edilib: «Yeni yaradılmış Pirallahı rayonunda layihə üzrə mərkəzləşdirilmiş istilik təchizatı sisteminə qoşulan çoxmərtəbəli yaşayış binalarını tam istiliklə təmin edən istilik mənbələri yaradılıb. Bundan başqa, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış binalarının istilik təchizatının təmin edilməsi ilə bağlı kompleks tədbirlər planı hazırlanaraq icra edilir».

Cəmiyyət sədri bildirib ki, həyata keçirilən tədbirlər hazırkı qış mövsümündə yalnız Bakı şəhərində 320 qazanxana istismar edilməklə 2760 yaşayış binası, 730 təhsil, səhiyyə və digər sosial obyektin istiliklə təmin edilməsinə imkan verib: «Azəristiliktəchizat» ASC-nin yaradıldığı 2005-ci illə müqayisədə Bakıda istismar edilən qazanxanaların sayı 3,6 dəfə, istiliklə təmin edilən yaşayış binalarının sayı 2,8 dəfə, sosial obyektlərin sayı 2,8 dəfə artıb».

Y.Həsənov əlavə olaraq bildirib ki, Pirallahı rayonunda, Biləcəri qəsəbəsində, Binəqədi rayonunun 7-ci və 8-ci mikrorayonlarında, Yasamal və Xətai rayonlarında 10-a yaxın qazanxananın tikintisi tam başa çatdırılıb və hazırda son sınaq sazlama işləri aparılır: «Həmin qazanxanalar yaxın günlərdə istismara buraxılacaqdır ki, bu da əlavə olaraq 118 çoxmərtəbəli yaşayış binasının istiliklə təmin edilməsinə imkan verəcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR