Lənkəran və Ağstafada sahibkarlar üçün treninqlər keçirilib

Lənkəran və Ağstafada sahibkarlar üçün treninqlər keçirilib
# 23 oktyabr 2013 15:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində sahibkarlar üçün “Biznesin əsasları, təşkili və idarə edilməsi” və “Logistika” mövzularında treninq keçirilib.

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə iştirakçılara biznesin mahiyyəti, biznes mühiti, biznesin təşkilati-hüquqi formaları, biznesin planlaşdırılması, biznesin idarə edilməsinin təşkili, biznesdə insan resurslarının səmərəli idarə edilməsi, biznesin təhlükəsizliyi və s. barədə ətraflı məlumatlar verilib.

Bununla yanaşı, logistikanın mahiyyəti və məqsədi, logistika sahəsində mütəxəssislərin vəzifələri ilə bağlı fikir mübadiləsi aparılıb, logistikanın növləri, logistik mərkəzlərin aqrar-sənaye kompleksinin inkişafında rolu və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Bu gün Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Ağstafa rayonunun Daşkəsəmən kəndində sahibkarlar üçün keçirilmiş treninqdə iştirakçılar marketinq anlayışı, marketinqin növləri, marketinqin istiqamətləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, reklam fəaliyyəti və s. barədə ətraflı məlumatlandırılıblar.

Tədbirlərdə həmçinin, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə iştirakçılara geniş məlumat verilib.

Tədbirlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR