Müsavat Partiyasının rəhbərliyi Milli Şuradakı ziyalılarla görüşüb

Müsavat Partiyasının rəhbərliyi Milli Şuradakı ziyalılarla görüşüb
# 27 dekabr 2013 15:56 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Müsavat Partiyasının Milli Şurada gələcək fəaliyyəti ilə bağlı Müsavat Partiyasının rəhbərliyi ilə Milli Şurada təmsil olunan bir qrup ziyalı arasında görüş keçirilib.

APA-nın məlumatına görə, görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, partiyanın İcra Aparatının rəhbəri Arif Hacılı, partiya Məclisinin sədri Arzu Səmədbəyli, başqanın müavini Gülağa Aslanlı, ziyalılardan İsə Milli Şuranın sədri Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Mehman Əliyev, Leyla Əliyeva, Vidadi Mirkamal, Rövşən Almuradlı və Əli Abbasov iştirak ediblər.

C. Həsənli APA-ya deyib ki, Müsavat Partiyasının Milli Şurada qalıb-qalmaması barədə yekun qərar partiya tərəfindən veriləcək. O, Müsavat Partiyasının qurumda fəaliyyətini davam etdirəcəyinə inandığını da bildirib.

Müsavat başqanının müavini Gülağa Aslanlı isə APA-ya görüşdə ölkədəki ictimai-siyasi vəziyyətin müzakirə olunduğunu, Müsavat Partiyasının Milli Şuradakı münasibətlərinin müzakirə olunmadığını deyib.

Qeyd edək ki, R. İbrahimbəyov dekabrın 26-da Müsavat Partiyasının ona və Milli Şuraya qarşı kampaniya apardığını əsas gətirərək, Milli Şuranın qorunması və güclənməsi üçün qurumun fəxri sədrliyindən istefa verdiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR