Əhalinin banklardakı əmanətlərinin 41%-dən çox qorunmur

Əhalinin banklardakı əmanətlərinin 41%-dən çox qorunmur
# 11 iyun 2014 13:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü ilin I rübündə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,6% artaraq 6,077 mlrd. manata çatıb.

Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, fiziki şəxslərin məcmu əmanətləri maliyyə sektoru istisna olmaqla, ümumi əmanətlərin 67%-ni təşkil edib.

Maraqlıdır ki, illik müqayisədə qorunmayan əmanətlərin həcmində artım müşahidə olunub. Əgər 2013-cü ilin I rübündə fiziki şəxslərin əmanətlərinin 34%-i, yəni 1,76 mlrd. manatı qorunmayan əmanətlər idisə, bu ilin eyni dövründə fiziki şəxslərin əmanətlərinin 41,3%-ni, yəni 2,51 mlrd. manatını qorunmayan əmanətlər təşkil edib.

2013-cü ilin I rübü ilə müqayisədə bu ilin müvafiq dövründə kompensasiya olunan əmanətlər 335 mln. manat artaraq 1 mlrd. 947 mln. manat olub ki, bu da qorunan əmanətlərin 54%-ni təşkil edir.

Qorunan əmanətlərin strukturuna nəzər salanda məlum olur ki, əmanətlərini milli valyutada saxlayanların sayı artır. Belə ki, qorunan əmanətlərin 62%-i manatla, 34%-i ABŞ dolları və 4%-i avro ilə saxlanılır. Müqayisə üçün deyək ki, 2013-cü ilin I rübündə banklarda qorunan əmanətlərin 58%-i manat, 38 %-i ABŞ dolları və 4%-i avro ilə yerləşdirilib.

Qeyd edək ki, üzv banklar tərəfindən 5 862 322 əmanətçiyə xidmət göstərilir ki, onların da 5 346 340 nəfəri (91%) qorunan əmanətçidir.

Hazırda fondun sığorta ehtiyatları 79,7 mln. manat təşkil edir. Fondun sərbəst vəsaitlərinin idarə edilməsi onun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 63,7 mln. manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilib və orta hesabla illik gəlirlilik 4,4 % təşkil edib. Fondun 5,0 mln. avroluq vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur.

Qeyd edək ki, fonda üzv olan bankların sayı 42-dir. Üzv banklarda illik 9 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmayan əmanət hesab edilir. Sığorta hadisəsi baş verərsə, qorunan əmanətçinin qorunan əmanətinə hər bir sığorta hadisəsinə görə (hər banka görə) ödənilməli olan kompensasiya məbləği 30 000 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR