Gürcüstanın daxili işlər naziri Azərbaycana səfərə gəlib

Gürcüstanın daxili işlər naziri  Azərbaycana səfərə gəlib
# 14 may 2014 11:00 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün Aleksandr Çikaidzenin başçılıq etdiyi nümayəndə heyətini Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra qonaqlar Ramil Usubov tərəfindən qəbul edilib. Xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu qeyd edən R. Usubov ikitərəfli münasibətlərin qurulmasında və inkişafında mərhum prezident Heydər Əliyevin danılmaz xidmətlərini xatırladıb, Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan rəhbərliyinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə xüsusi önəm verdiklərini qeyd edib. R. Usubov iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın, xüsusilə də transmilli cinayətkarlıqla mübarizə sahəsində birgə əlaqələrin, təcrübə və informasiya mübadiləsinin və yaradılmış normativ-hüquqi bazanın ilk növbədə dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyini nəzərə çatdırıb.

Daha sonra nazir R. Usubov ölkədəki kriminogen durum, bugünkü ictimai-siyasi sabitliyin dönməzliyinin təmin olunması üçün ötən dövr ərzində görülən işlər və həyata keçirilən islahatlar barədə qısa məlumat verib.

Qeyd olunub ki, ötən illər ərzində nazirliklər arasında imzalanan sənədlər, xüsusilə 2002-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Türkiyə respublikaları arasında terrorçuluq, mütəşəkkil cinayətkarlıq və ağır cinayətlərin digər növlərinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair imzalanmış müqavilə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar səviyyəsində əlaqələrin inkişafına təkan verib.

Daxili işlər naziri mövcud problemlərdən də danışaraq, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Azərbaycana ilk dəfə gəldiyini, Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu qeyd edən Aleksandr Çikaidze səmimi qəbula, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, mehriban qonşu və yaxın dost olan Azərbaycanla bütün sahələrdə, o cümlədən daxili işlər orqanları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə Gürcüstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR