Azərbaycanda yeni qızılgül sortları əldə edilib

Azərbaycanda yeni qızılgül sortları əldə edilib
# 03 mart 2014 09:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağının əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərov qızılgüllərin hibridləşməsi və seleksiyası üsulu ilə yeni sortlar əldə edib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycanda gülçülüyün inkişafı məqsədi ilə keçən əsrin 70-ci illərindən başlayaraq ölkədə yayılan və xarici ölkələrdən gətirilən Rosa L. cinsinin müxtəlif bağ qruplarına mənsub olan növ və sortlarının Mərkəzi Nəbatat Bağında kolleksiyasını toplayaraq elmi əsaslarla öyrənilməsi və introduksiyası həyata keçirilir.

2006-cı ildən həmin kolleksiyada hibridləşdirmə və seleksiya üsulu ilə istiliyə və quraqlığa davamlı, bol və fasiləsiz çiçəkləyən, müxtəlif çeşidli və rəngarəng çalarlı, eyni zamanda xəstəlik və ziyanvericilərə qarşı dözümlü olan yerli qızılgül sortları yetişdirilməyə başlanılıb. İlk dəfə olaraq Azərbaycanda uğurlu hibridlərdən əldə edilmiş yeni “Əsrin Müqaviləsi”, “Sarı Gəlin” və “Nazpəri” qızılgül sortları sınaqdan keçirilərək bitki siyahısına alınıb, Asəf İsgəndərova müəlliflik şəhadətnaməsi verilib.

Son dövrlərdə daha 9 yeni qızılgül sortu əldə edilib. Bu sortlara ”Sənsiz”, “Nizami Gəncəvi”, “Odlar Yurdu”, “Şərqin səhəri”, “Abşeron simfoniyası”, “Köhnə Bakı”, “Qara gilə”, “Sarı köynək”, “Ulduzlu Xəzər” adları verilib. Alınmış sortların tezliklə, Kənd Təsərrüfatı Nazirliyi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilməsi nəzərdə tutulub. Hazırda bağın qızılgül kolleksiyasında 500-dən artıq növ və sortlar üzərində müşahidələr aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR