Ali Məhkəmənin sədri: “Məhkəmə sistemində inqilabi elektron islahat mərhələsi başlayır” - MÜSAHİBƏ

Ali Məhkəmənin sədri: “Məhkəmə sistemində inqilabi elektron islahat mərhələsi başlayır” - <span style="color: red;">MÜSAHİBƏ
# 14 fevral 2014 15:37 (UTC +04:00)

- Azərbaycan prezidenti 2014-cü il fevralın 13-də “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” sərəncam imzalayıb. Bunu məhkəmə sisteminə yeni yanaşma kimi qiymətləndirmək olarmı?

- “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” Azərbaycan prezidentinin sərəncamını məhkəmə sistemində inqilabi islahat adlandırmaq olar. Mən bu sənədlə nəzərdə tutulan dəyişiklikləri əhəmiyyətinə görə 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlindəki məhkəmə-hüquq islahatları ilə müqayisə edərdim. Yaxın illərdə biz ədalət mühakiməsinin keyfiyyəti və texniki imkanları baxımından tamamilə yeni məhkəmələrin şahidi olacağıq.

Nəzərdə tutulan yeniliklər, ideya və prinsiplər məhkəmələrin fəaliyyətinin yeni standartlarını yaradacaq. Ümumilikdə, elektron məhkəmə sisteminin yaradılması “ASAN xidmət”in fəaliyyət prinsiplərinin məhkəmələrin işində də tətbiqinə imkan verəcək. İnformasiya texnologiyalarının tətbiqi insanların məhkəməyə yeni və daha rahat üsullarla müraciət etmək imkanını yaratmaqla yanaşı, həm də məhkəmələrdə süründürməçilik, sui-istifadə və digər mənfi halları, vaxt itkisini tamamilə aradan qaldıracaq, ən başlıcası isə məhkəmələrin fəaliyyətini tam şəffaf edəcək.

Azərbaycan prezidenti İlham Əliyev informasiya cəmiyyətinə keçidin təmin edilməsini ölkəmizin inkişafının prioritet istiqamətlərindən biri kimi müəyyən etmiş və onun əhəmiyyətini daim vurğulayıb. Dövlət başçısı tərəfindən son dövrlər imzalanan aktlara diqqətlə nəzər yetirsəniz, burada yeni informasiya-kommunikasiya texnologiyalarından istifadəyə xüsusi önəm verildiyini, cəmiyyət üçün həlli zəruri olan məsələlərin məhz texnoloji yeniliklərdən yararlanaraq həll edilməsi istiqamətini aydın görərsiniz.

Yaradılmış telekommunikasiya infrastrukturunun, müxtəlif dövlət xidmətlərinin həyata keçirilməsində informasiya texnologiyalarının tətbiqi təcrübəsinin təhlili göstərir ki, məhkəmə sistemində yeni texnologiyalardan istifadə edilməsi üçün ilkin şərtlər artıq mövcuddur və bu prosesi daha da genişləndirmək lazımdır. Azərbaycan prezidenti qeyd etdiyimiz sərəncamı imzalamaqla qarşımızda mühüm vəzifələr qoyub.

- İlk baxışdan elektron-informasiya sistemləri ilə bizim adət etdiyimiz məhkəmələrin fəaliyyəti arasında əlaqə yaratmaq çətin görünür. Bu sərəncamın mahiyyəti və gətirəcəyi yeniliklər nədən ibarətdir?

- Sərəncamla məhkəmələrinin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron məhkəmə” informasiya sistemi yaradılması nəzərdə tutulur.

Vaxtilə üçpilləli məhkəmə sisteminin yaradılması üçün yeni Cinayət Prosessual, Mülki-Prosessual məcəllələr və digər fundamental hüquqi sənədlər qəbul edilmişdi. Yeni elektron məhkəmə sisteminin qurulması da prosessual qanunvericiliyə mühüm dəyişikliklərin edilməsini və normativ-hüquqi bazanın informasiya texnologiyalarının tətbiqinə uyğunlaşdırılmasını şərtləndirir.

İnformasiya sistemi fiziki və hüquqi şəxslərin məhkəmələrə müraciətlərinin, iddia ərizələrinin, müxtəlif məhkəmə instansiyalarına şikayətlərin elektron formada qəbul edilməsinə şərait yaradacaqdır. Yəni, müraciət edənlərin şəxsən məhkəməyə gəlmək və ya vaxt itkisinə səbəb olan poçt xidmətlərindən istifadə etmək zərurəti aradan qalxacaqdır. İstənilən şəxs kompyuter arxasında ərizəni tərtib edərək düyməni sıxdığı anda sənəd ünvanına çatacaqdır. Bu, insan hüquqlarının müdafiəsi mexanizmlərinin əhaliyə daha da yaxınlaşması deməkdir.

Xüsusilə vurğulamaq istərdim ki, sistem məhkəmələrdə baxılan bütün işlər üzrə icraatın elektron qaydada aparılmasını təmin etməlidir. Bunu mülki iş üzrə nümunə əsasında izah etmək istərdim. Belə ki, ilkin mərhələdən, yəni məhkəməyə iddia ərizəsi təqdim olunduğu andan bütün sənədlər elektron qaydada tərtib olunur, bütün prosessual sənədlər elektron formatda yazılır, ifadələr elektron daşıyıcılara qeyd olunur, tərəflər vəsatətləri və şikayətləri informasiya texnologiyalarından istifadə etməklə, elektron poçt vasitəsilə göndərir və qəbul edir. Bu isə məhkəmə prosesləri zamanı etibarlı və sürətli məlumat mübadiləsi sisteminin fəaliyyət göstərməsini, iştirakçıların ifadələrinin və digər sübutların şəffaf şəkildə qeydə alınmasını təmin edəcəkdir. İstənilən halda həmin sənədlər elektron daşıyıcılardan kağıza köçürülə biləcək.

Məhkəmə proseslərinin audio, video və digər texniki vasitələrdən istifadə etməklə qeydə alınmasının və prosesi onlayn rejimdə müşahidə etmək imkanının yaradılmasının nə olduğunu təsəvvür edin. İndiyədək prosesin sənədləşdirilməsi onun kağız daşıyıcıda protokolun tərtib olunması vasitəsilə həyata keçirildi. Yeni sistem bizə imkan verəcək ki, proses elektron qaydada qeydə alınsın və proses iştirakçıları tərəfindən onlayn rejimdə, yaxud daha sonra izlənilsin. Bu isə, proses iştirakçılarına məhkəmə baxışının elektron yazısına istinad etməyə şərait yaradacaq, baxışın heç bir hissəsinin diqqətdən kənarda qalmasına imkan verməyəcək. Məhkəmə işçiləri tərəfindən protokolun bilərəkdən və ya ehtiyatsızlıqdan yanlış tərtib olunmasını qeyri-mümkün edəcək. Vətəndaşların hüquqlarının səmərəli müdafiəsi üçün effektiv vasitə qismində çıxış edəcək.

Məhkəmə çağırışlarının və bildirişlərin, habelə qəbul olunmuş qərarların və digər sənədlərin elektron qaydada, yəni, elektron poçt, mobil telefonlara göndərilən SMS məlumatlar, digər üsullarla çatdırılması imkanı qərarların və digər prosessual sənədlərin vaxtında çatdırılmaması, bununla da şikayət etmək hüququnun pozulması iddialarını birdəfəlik aradan qaldıracaq. Nə bəzi proses iştirakçıları qərarın onlara çatdırılmadığını bəhanə gətirə, nə də bəzi hakimlər sənədlərin göndərilməsində süründürməçiliyə yol verə bilməyəcəklər.

Sözsüz ki, bütün yeni texnoloji imkanların məhkəmələrdə təmin edilməsi mürəkkəb və uzunmüddətli prosesdir, müvafiq proqram təminatı hazırlanmalı, məhkəmələr müvafiq texnologiya ilə təmin edilməlidir, mütəmadi treninqlər təşkil olunmalıdır və s. Qarşımızda olan iş həcmi böyükdür, lakin cənab prezidentin bu sahədə göstərdiyi iradə bizə əlavə güc verəcək və işlərin sürətləndirilməsinə təkan olacaq.

Bundan əlavə, informasiya sistemi məhkəmədə işlərin təyin olunduğu vaxtlar, proseslərin aparılacağı yer (məhkəmə zalları) və müvafiq hakimlər barədə məlumatların hər bir proses iştirakçısının sərbəst şəkildə əldə edə biləcəyi aşkar və sistemli şəkildə çatdırılması üçün elektron cədvəllərin tərtib olunmasına şərait yaradacaq. Proses iştirakçılarının vaxtlarını səmərəli təşkil etməyə və prosesin vaxtı barədə məlumatlandırılmama ilə əlaqədar yaranan mübahisələrin qarşısını almağa imkan verəcək.

Qanunvericilik məhkəmələrdə işlərin hakimlər arasında obyektiv əsaslarla və bərabər şəkildə bölünməsini nəzərdə tutsa da, bəzi hallarda insanlar işlərin hakimlərə verilməsində qərəzliliyin olduğundan şikayət edirlər. Yeni sistem məhkəməyə daxil olan işlərin hakimlər arasında insan amilini istisna edən şəraitdə, avtomatlaşdırılmış bölgüsünün aparılmasını təmin edəcək.

Sistem xüsusi şəkildə proqramlaşdırılaraq prosessual müddətləri hesablayacaq və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici məlumatlar verməklə müddətlərə riayət olunmasına nəzarət etməyə imkan verəcək.

İnformasiya sistemində hər bir proses iştirakçısı üçün “şəxsi kabineti”in yaradılması imkanı nəzərdə tutulur. İnformasiya sistemi daxilində yaradılmış “şəxsi kabinet”lər vasitəsilə həm şəxsin iştirakçısı olduğu məhkəmə prosesinin gedişi və çıxarılan qərarlar barədə olduğu məkandan asılı olmayaraq, operativ məlumat almaq imkanı təmin ediləcək, həm də konfidensiallıq qorunacaq, yəni, şəxsi xarakterli məlumatların yayılmasının qarşısı alınacaq.

Prezident İlham Əliyev “Elektron məhkəmə” informasiya sisteminin digər dövlət qurumlarında formalaşdırılan informasiya sistemləri və “Elektron hökumət” portalı ilə inteqrasiya edilməli olduğunu qeyd etməklə özünün Azərbaycanda olan bütün dövlət orqanlarının fəaliyyətinə dair strateji baxışını göstərir. Məqsəd bütün dövlət qurumlarının vahid informasiya cəmiyyətində tam şəffaf, obyektiv və səmərəli şəkildə xalqa xidmət edən bir sistemin yaradılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR