Ağac kəsən Sumqayıt sakinləri cərimələnib

Ağac kəsən Sumqayıt sakinləri cərimələnib
# 26 noyabr 2013 08:12 (UTC +04:00)

Bakı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, 5-ci mikrorayon ilə 45-ci məhəllə arasındakı parkda ağacların qanunsuz kəsilməsi və yerində tikinti işlərinin aparılması barədə şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şikayətlə əlaqədar ETSN-in Ərazi Ekologiya və təbii sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırma aparılıb.

Araşdırma zamanı sözügedən ünvanda köküstə yaş halda 3 ədəd qarağac ağacının qanunsuz kəsildiyi məlum olub. Aşkar olunmuş faktla bağlı təqsirkar şəxs Sumqayıt şəhər sakini Rasim Rüstəmov barəsində akt və protokol tərtib edilib. O, fiziki şəxs qismində inzibati qaydada 3600 manat məbləğində cərimə olunub.

Həmçinin sözügedən ünvanda 1 ədəd şam ağacının da qanunsuz kəsilməsi faktı aşkar olunub. Araşdırma zamanı ağacın Sumqayıt şəhər sakini Rafiq Rzayev tərəfindən kəsildiyi müəyyən edilib və onun barəsində akt və protokol tərtib olunub. Faktla əlaqədar Rafiq Rzayev fiziki şəxs qismində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 1200 manat məbləğində cərimə edilib.

Qanun pozuntuları ilə bağlı nazirliyin Ərazi Ekologiya və təbii sərvətlər şöbəsi tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR