Şotlandiyalılar Müqəddəs Endryu gününü İçərişəhərdə qeyd edəcək

Şotlandiyalılar Müqəddəs Endryu gününü İçərişəhərdə qeyd edəcək
# 22 noyabr 2013 21:37 (UTC +04:00)

Bakı-APA. Hər il olduğu kimi bu il də ənənəvi olaraq şotlandlar Bakı şəhərində Müqəddəs Endryu gününü qeyd edəcək. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, Bakı Kaledoniya Cəmiyyətinin təşkil etdiyi bayram tədbirlərinin bir hissəsi kimi Şotlandiya milli musiqi ifaçıları olan zurnaçılar qrupu İçərişəhərdə bayram yürüşü keçirəcək. Noyabr ayının 23-də İçərişəhərdə şotland ab-havası yaşanacaq.

Şotland tuluq zurnaçıları parada öz musiqilərini səsləndirərək Qoşa Qala Qapısının qarşısındakı əsas meydanda başlayacaq və daha sonra Müqəddəs Endryu gününün mədəniyyətlərarası xarakterini təcəssüm etdirmək üçün İçərişəhərin küçələrindən keçəcək. Tuluq zurnaçılarının nümayişi İçərişəhərin əsas küçələrində təxminən bir saat davam edərək, Qız Qalasının yanında başa çatacaq. Sonda Qız Qalasının qarşısındakı meydanda şotland musiqisinin sədaları altında milli rəqslər nümayiş olunacaq.

Qeyd edək ki, şotlandlar Müqəddəs Endryunu Şotlandiyanın himayəçisi hesab edir və onun şərəfinə hər il noyabr ayında bayram tədbirləri keçirir. Bu, şotlandların milli bayramıdır. Şotlandiyadan musiqiçilər bu günü qeyd etmək üçün Bakıya gələrək bu yolla öz mədəniyyətlərini fərqli mədəniyyətlərin beşiyi olan şəhərimizdə təbliğ edirlər.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi paytaxt sakinlərini və şəhərimizin qonaqlarını bayram tədbirində iştirak etməyə dəvət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR