Parisdə Avropa-Azərbaycan Biznes Forumu keçirilib

Parisdə Avropa-Azərbaycan Biznes Forumu keçirilib
# 14 mart 2013 17:29 (UTC +04:00)

APA-nın forumu izləyən əməkdaşının verdiyi xəbərə görə, Fransanın Milli Sənaye Təşkilatının binasında keçirilən tədbirdə əsas məqsəd Azərbaycanın biznes və sərmayə qoyulması üçün sahələri təqdim etmək olub. Həmçinin iki ölkə investorlarının enerji texnologiyaları, su və sanitariya, aqrar-sənaye kompleksi, telekommunikasiyalar və aerokosmik sahələr, yüksək səviyyəli infrastruktur layihələri kimi vacib sektorlarla bağlı müzakirələr aparması nəzərdə tutulub. Azərbaycanda qeyri-neft sektoruna sərmayə qoyuluşu məsələsi də ciddi müzakirə mövzusu olub.

Tədbirdə Fransa və Azərbaycanın dövlət qurumlarının nümayəndələri, sahibkarlar iştirak ediblər.

Forumun açılış mərasimində Fransanın Azərbaycandakı ilk səfiri və hazırda Fransa-Azərbaycan Ticarət Palatasının sədri Jan Perən, Fransa Xarici İşlər Nazirliyinin Qafqaz və Orta Asiya ölkələri üzrə şöbənin direktor müavini Fransua Delaus, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış ediblər.

Çıxış edənlər Fransa ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrinin səviyyəsinin yüksək olduğunu vurğulayaraq, bu istiqamətdə daha çox iş görməyin vacibliyini vurğulayıblar.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bu gün Azərbaycanda ən çox türk iş adamlarını, şirkətlərini olduğunu bildirsə də, ölkənin Fransa şirkətləri üçün də açıq və əlverişli olduğunu deyib: "Azərbaycanın paytaxtı Bakı və digər iri bölgə şəhərləri bu gün sürətlə dəyişməkdə, inkişaf etməkdədir. Bu o deməkdir ki, ölkəyə böyük sərmayələr qoyulur və bir çox layihələr həyata keçirilir. Azərbaycanda infrastruktur layihələrinə də yetərincə diqqət ayrılır. Bu ölkədə əhəmiyyətli neft və qaz ehtiyatları var, bu təqribən əsrin sonuna qədər davam edəcək. Bu sahədən gələn gəlirlərin bir hissəsi də infrastruktur layihələrinə ayrılır. Misal üçün yeni otellərin tikilməsi, Bakı metropolitenin genişləndirməsi, dəmir yollarının və aviasiyanın inkişafı. Azərbaycan bu sahədə Fransa ilə əməkdaşlıq edir, Fransadan mülki təyyarə və helikopterlər alır. Bundan başqa, digər yüksək texnologiyalar sahəsində də yeni infrastruktur layihələr həyata keçirilməkdədir. Azərbaycan telekommunikasiya sahəsində də nailiyyətlərə imza atıb və ölkənin bu sahədə regionda liderlik etmək ruhu var. Bildiyiniz kimi, Azərbaycan Fransa ilə aerokosmik sahədə də əməkdaşlıq edir və Fransanın “Arianspace” şirkəti ilə birgə kosmosa ilk peykini göndərib. Bununla yanaşı, bu gün ölkədə turizm sahəsindəki irəliləyişlər də heyranedicidir. Bu sahədə Almaniya, Avstriya, İsveçrə kimi ölkələrin şirkətləri bizi qabaqlayıblar, amma Fransanın da bu sahədə əməkdaşlıq etməsi üçün hər cür şərait var. Bizim ticarət sahəsində Azərbaycanın ən əhəmiyyətli tərəfdaşı olmaq kimi hədəfimiz var, bu istiqamətdə də lazım olan bütün addımları atacağıq".

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov isə öz növbəsində belə forumun Fransada keçirilməsinin iki ölkənin biznes sektorları arasındakı əlaqələri və işbirliyi üçün çox əhəmiyyətli olduğunu vurğulayıb: " Azərbaycanla Fransa arasında iqtisadi əməkdaşlıq, iki ölkə arasında ticarət dövriyyəsi sürətlə artır. Bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın ümumi iqtisadiyyatının təxminən 80%-ni təşkil edir, Fransa ilə ticarət dövriyyəsinə və iqtisadi tərəfdaşlığa görə isə regionda birinci yeri tuturuq. Hazırda iki ölkə arasında bütün sahələrdə əlaqələr inkişaf edir. Fransa şirkətləri Azərbaycanda enerji və qeyri-enerji sahəsində kifayət qədər geniş təmsil olunub, böyük layihələr həyata keçirirlər. Biz Fransa iqtisadiyyatının Azərbaycandakı, Azərbaycan iqtisadiyyatının isə Fransada payının artmasına çalışırıq".

Avropa Azərbaycan Cəmiyyətinin icraçı direktoru Lionel Zetter forum iştirakçılarını salamlayaraq, bu cür tədbirin iki ölkə üçün də faydalı olduğunu bildirib. O qeyd edib ki, Fransa ilə Azərbaycan arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin genişlənmə perspektivləri var: “Bu forum da məhz bu perspektivlərin geniş müzakirəsi üçün nəzərdə tutulub”.

Daha sonra forum iştirakçıları bir neçə işçi qrupu çərçivəsində ayrı-ayrı mövzular üzrə layihələr təqdim edib, fikir mübadiləsi aparıblar. Forumun “İri infrastruktur layihələr və beynəlxalq sərmayələr” sessiyasında “Akkord” Korporasiyasının İdarə Heyətinin üzvü Samir Qasımov məruzə ilə çıxış edib. Çıxışdan sonra mövzu ətrafında müzakirələr aparılıb. “Akkord” Korporasiyasının Fransanın “Bouygues” şirkəti ilə birgə qoşulduğu Bakı Metropolitenində yeni stansiyaların tikintisi layihəsi xüsusi marağa səbəb olub. Forum iştirakçılarına bu layihənin icrası məqsədilə “Akkord-Bouygues” Birgə Müəssisəsinin yaradılması ilə bağlı məlumat verilib.

Keçirilən seminarlar Azərbaycanın iqtisadi potensialı və iqtisadi mühitin əlverişliliyi, hazırda icra edilən layihələrin təqdimatı, ölkədə iqtisadi artımları hədəfə alan sektorların müəyyənləşdirilməsi, hökumət və özəl sektorlar üçün nəzərdə tutulmuş əsas mesajlarla bağlı olub.

Panellərdə Fransadan Elzas regionun Aşağı Reyn departamentindən senator Andre Rayxard, Fransa Senatında Fransa-Qafqaz parlamentlərarası dostluq qrupunun vitse-prezidenti, xanım Natali Qule, Fransa Senatında enerji məsələləri üzrə qrupun həmsədri Ladislas Poniatovski, Azərbaycandan ARDNŞ-in Sərmayələr departamentinin direktoru İlham Nəsirov, Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rəşid Məcidov, “Azerkosmos” şirkətinin icraçı direktoru Rəşad Nəbiyev və başqaları çıxış ediblər.

Xatırladaq ki, biznes forum bu il Parisdə ilk dəfə keçirilir. Bundan əvvəl isə 2011-12-ci illərdə Londonda keçirilib.

Xatırladaq ki, tədbirin Azərbaycandan informasiya tərəfdaşı APA İnformasiya Agentliyidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR