Azərbaycan prezidenti Mingəçevirdə səfərdə olub

Azərbaycan prezidenti Mingəçevirdə səfərdə olub
# 16 aprel 2013 13:03 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev aprelin 16-da Mingəçevir şəhərində səfərdə olub.

APA-nın məlumatına görə, dövlət başçısı bir sıra sosial infrastruktur obyektlərinin açılışında iştirak edib.

Prezident İ. Əliyev yeni inşa olunan Heydər Əliyev Mərkəzinin qarşısında Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sonra dövlət başçısı Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Prezident mərkəzlə tanış olub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Dövlət başçısı Müşfiq Mirzəyev adına “Dostluq” parkında aparılan yenidənqurma işləri ilə də tanış olub.

Daha sonra prezident Gənclər Evinin açılışına qatılıb.

Dövlət başçısı yenidənqurma işlərinin aparıldığı Sahil Parkı, Kür çayı sahilindəki istirahət kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə də tanış olub.

Daha sonra prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhərində Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunlarının Alayı və Su Ehtiyatları Dövlət Agentliyinin İdarəsinin tikintisi layihələrinə baxıb.

Prezident Mingəçevir su anbarının inteqrə olunmuş təhlükəsizlik sistemi ilə tanış olub.

Dövlət başçısına raport verən fövqəladə hallar naziri, general-polkovnik Kamaləddin Heydərov bildirib ki, burada mövcud olan mühafizə və təhlükəsizlik sistemləri mükəmməlliyi ilə seçilir.

Mingəçevir su anbarının mühafizə sisteminin sxeminə və maketinə baxan prezident inteqrə olunmuş təhlükəsizlik sistemi haqqında filmi və əraziyə şərti müdaxiləyə qarşı əməliyyatı izləyib.

Dövlət başçısına təhlükəsizlik sisteminin ən mühüm elementlərindən olan çəpərlər və videokameralar barədə məlumat verilib.

Prezident İ. Əliyev Mingəçevirdə 502 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllədə yaradılan şəraitlə də tanış olub.

Yeni məhəllədə klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası və poçt şöbəsi tikilib.

Prezident məhəllədə 480 şagird yerlik Ağdam rayon 52 nömrəli tam orta məktəbində yaradılan şəraitlə də tanış olub. Bildirilib ki, bu məhəllə qaçqın və məcburi köçkünlər üçün indiyədək salınan sayca 78-ci yaşayış məntəqəsidir.

Daha sonra Bayraq Meydanına gələn prezident İ. Əliyevə məlumat verilib ki, Heydər Əliyev prospektində yerləşən bayraq dirəyinin hündürlüyü 42 metrdir. Bayrağın ətrafında Azərbaycanın xəritəsi, dövlət himni və gerbi əks olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR