Milli Məclisin Regional məsələlər komitəsi yaz sessiyasında 5 qanun layihəsini müzakirə edəcək

Milli Məclisin Regional məsələlər komitəsi yaz sessiyasında 5 qanun layihəsini müzakirə edəcək
# 25 yanvar 2013 08:24 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsi bu ilin yeni başlayan yaz sessiyasında 5 qanunverici sənədi müzakirə etməyi planlaşdırıb.

APA-nın məlumatına görə, bu barədə komitənin bu gün keçirilən iclasında sədr Arif Rəhimzadə bildirib.

Onun sözlərinə görə, bunlar “Bələdiyyələrin hesabatları haqqında” yeni qanun, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna, Torpaq Məcəlləsinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə və “İnzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanuna dəyişikliklərdir. Kmitə sədri həmçinin vurğulayıb ki, 2012-ci ilin payız sessiyasında Regional məsələlər komitəsinin 7 iclası keçirilib və 12 sənəd müzakirə olunub. Eyni zamanda ötən sessiyada komitənin ünvanına 170 məktub, təklif, ərizə və şikayət daxil olub. Onlardan 79-u araşdırılması üçün müvafiq təşkilatlara göndərilib. Komitə üzvləri tərəfindən 492 nəfər vətəndaş qəbul edilib.

A.Rəhimzadə onu da bildirib ki, ötən il payız sessiyası ərzində şəhərlərdə yeni inzibati dairələrin yaradılması təkcə əhalinin hakimiyyətə yaxınlaşdırılması deyil, eləcə də əhali-hakimiyyət dialoquna müsbət təsir göstərən amildir: “Bu yaxınlaşma nəticəsində əhali öz problemlərini hakimiyyət nümayəndələrinə bildirir. Bir sıra kənd və qəsəbələrə şəhər statusu verilməsi isə burada yeni iş yerlərinin açılması ilə əhalinin yaşayış səviyyəsinin artmasına şərait yaradır”.

O qeyd edib ki, ötən dövr ərzində 10 şəhərdə 40 inzibati dairələr yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR