Pakistanın “Diplomatic İnsight” jurnalında “Zərifə Əliyeva-insanlara nur bəxş etmiş mələk” adlı məqalə dərc olunub

Pakistanın “Diplomatic İnsight” jurnalında “Zərifə Əliyeva-insanlara nur bəxş etmiş mələk” adlı məqalə dərc olunub
# 27 aprel 2013 08:58 (UTC +04:00)

Bakı-APA. Pakistanın nüfuzlu “Diplomatic İnsight” jurnalında tanınmış jurnalist, xanım Farhat Asifin “Zərifə Əliyeva-insanlara nur bəxş etmiş mələk” adlı məqaləsi nəşr edilib. Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə, Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan MR-nın Şahtaxtı kəndində anadan olduğu, həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları ilə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatdığı bildirilib.

Yazıda, gələcək taleyini tibb elminə həsr etməyini qarşısına məqsəd qoyan Zərifə xanımın orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olduğu və 1947-ci ildə əla qiymətlərlə bitirdiyi qeyd olunub. Bildirilib ki, məhz həmin dövrdə Azərbaycanda traxoma infeksion xəstəliyi geniş yayılmışdır ki, bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə mühüm əhəmiyyət daşıyırdı. F. Asif məqaləsində, Zərifə xanımın nursuz gözlərə işıq bəxş etmək, təbiətin gözəlliyinə həsrət qalan insanlara həyat eşqini qaytarmaq arzusunda olduğunu bildirib. Jurnalist qeyd edib ki, ki, bu arzu Z. Əliyevanı Moskva şəhərinə aparıb və o, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnib. Daha sonra yazar vurğulamışdır ki, 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan Z.Əliyeva, Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyub və buna nail olub.

“Diplomatic İnsight” jurnalında, 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyasının Z.Əliyevaya oftalmologiya ixtisası üzrə böyük elmi işçi adının təqdim olunması barədə məlumat verilib. Sonra məqalədə, 1967-ci ildə Z.Ə.Əliyevanın Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dəvət olunduğu bildirilib. Qeyd olunub ki, institut həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin – Zərifə xanımın atasının adını daşıyır.

Məqalədə, 1977-ci ildə Moskvada tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülən Z.Əliyevanın, ətrafına istedadlı gənc həmkarlarını toplayaraq, elmi-tədqiqat işini, kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil etdiyi vurğulanıb.

Daha sonra yazar, 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə görə professor Z.Ə.Əliyevanın oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldüyü və böyük xidmətlərinə görə 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçildiyi vurğulayıb.

Akademik Z.Ə.Əliyevanın ömrü boyu böyük ictimai iş apardığını bildirən jurnalist, onun keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olduğu, bir sıra orden və medallara layiq görüldüyü, Azərbaycanın əməkdar elm xadimi fəxri adını aldığı vurğulanıb.

Məqalədə, bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanımın eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olduğu bildirilib, bu ocaqda vətənlərinin qüruru sayılan iki övladın boya-başa çatdığı qeyd olunub.

Məqalə, “Təəssüf ki, Zərifə xanım müstəqil Azərbaycanın bu gününü görə bilməmişdir. O, ömrünün 62-ci baharında, 1985-ci ildə vəfat etmiş, həyat yoldaşı, Azərbaycanın ümummilli lideri Heydər Əliyevi tək qoymuşdur... .” sözləri ilə yekunlaşıb.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür.

http://thediplomaticinsight.com/?p=885

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR