Berezovski infarkdan vəfat edib – mənbə

Berezovski infarkdan vəfat edib – mənbə
# 23 mart 2013 20:28 (UTC +04:00)

Bakı-APA. Rusiyalı oliqarx Boris Berezovski infarkdan vəfat edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı iş adamın ətrafındakı mənbə verib.

“Berezovski öz evində infarkdan vəfat edib. Bu yaxınlarda o İsraildə müalicə kursu keçib Britaniyaya qayıdıb”, deyə mənbə bildirib.

Bu arada “BBC” xəbər verir ki, bu gün 68 yaşında vəfat edən Berezovski İngiltərənin cənubundakı Surrey qraflığında yerləşən evində ölmüş halda aşkar edilib.

Xatırladaq ki, Berezovskinin vəfat etdiyi barədə məlumatı “Facebook” səhifəsində onun yeznəsi Yeqor Şuppe yerləşdirib.

Məlumat rəsmi təsdiqini hələlik tapmayıb.

B.Berezovski 1946-cı ilin yanvarın 23-də anadan olub. 1991-ci ilin dekabrın 7-dən riyaziyyat, mexanika, informatika üzrə Rusiya Elmlər Akademiyasının müxbir üzvüdür. 1989-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb – bir neçə iri şirkətlərin təsisçisi, aktivlərinin sahibi və top meneceri olub. Rusiyanın birinci prezidenti Boris Yeltsinin dövründə MDB-nin icraçı katibi və Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibinin müavini vəzifələrində çalışıb. 2000-ci ildən Rusiyadan kənarda yaşayıb.

Rusiyada B.Berezovskini bir neçə iqtisadi cinayətlər və dövlət hakimiyyətinə qarşı cinayət törətməkdə ittiham edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR