“Azneft” İstehsalat Birliyinin Şirvan Tamponaj sexinin Bakıya köçürülməsi 78 nəfəri işsiz qoya bilər - FOTOSESSİYA - YENİLƏNİB

“Azneft” İstehsalat Birliyinin Şirvan Tamponaj sexinin Bakıya köçürülməsi 78 nəfəri işsiz qoya bilər - <font color=red>FOTOSESSİYA - YENİLƏNİB</font>
# 10 aprel 2012 13:00 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı - APA. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyinin (İB) Tamponaj və Laylarda Neft Artımı İdarəsinin Şirvan tamponaj sexinin işçiləri idarənin Bakı şəhərinə köçürülməsinə etiraz edirlər. Bu barədə APA-nın Mil-Muğan bürosuna işçilərin özü məlumat verib.

Şirvan tamponaj sexində çalışan neftçi mütəxəssislərin dediyinə görə, “Azneft” İB-nin 05.04.2012-ci il tarixli əmrinə əsasən 30 ildən çox müddətdə Şirvan şəhərində fəaliyyət göstərən Şirvan tamponaj sexinin Bakı şəhərinin Bülbülə qəsəbəsinə köçürülməsi işçilərin hiddətinə səbəb olub. Köçürülmə nəticəsində 78 nəfər işçi, o cümlədən 17 nəfər ailəli qadın hər gün Bakı şəhərinin Bülbülə qəsəbəsinə getməli və yaxud adı çəkilən qəsəbəyə köçməlidir. Bu zaman Şirvan sakinlərindən ibarət olan sexin işçiləri əvvəlki məbləğdə məvacib almaqla daimi yaşayış yerindən 140 km uzaqda çalışmalıdırlar.

İşçilər qeyd edirlər ki, idarənin köçürülməsinə lüzum yoxdur. Belə ki, sexin bacarıqlı mütəxəssisləri operativ şəkildə Naftalan, Muradxanlı, Kalmas, Bibiheybət, Qaradağ və digər neft quyuları olan yataqlarda tamponaj işləri görmək və aqreqatların təmirini aparmaq üçün heç bir problem olmadan ezam olunur, istənilən çətin işin öhdəsindən gələ bilirlər. İdarənin rəhbərliyi onların işdən çıxarılmadığını bildirsə də, sexin köçürülməsi işdən çıxarılma anlamına gəlir. İşçilər qeyd edirlər ki, verilən məvaciblə onlar Bülbülə qəsəbəsinə nə gedib gələ, nə də köçüb orada yaşaya bilərlər.

Məsələyə münasibətini bildirən “Azneft” İB-nin Tamponaj və Laylarda Neft Artımı İdarəsinin rəhbəri Ədalət Nağıyev bildirib ki, sexin köçürülməsinə səbəb həmin ərazilərdə işin az olmasıdır.

“Azneft” İB-dən isə “APA-Economics”ə bildirilib ki, Şirvan tamponaj sexinin texnikası operativ idarəetmənin təmin olunması üçün paytaxta köçürülür və bu, sexin bağlanması anlamına gəlmir: “Sadəcə olaraq “Azneft” bu sahədə görülən işləri təkmilləşdirmək və operativliyi təmin etmək məqsədilə Şirvandakı sexin texnikasını Bakıya köçürür. Bu texnika daha böyük tələbat olan ərazilərdə istifadə olunacaq. Şirvan sexi isə bağlanmayacaq və onun əməkdaşlarına artıq Bakı, Ələt, Qobustan, ərazilərində yerləşən neft və qaz sahələrində alternativ iş təklif olunub. Heç bir işçi ixtisarından və ya struktur vahidinin ləğv olunmasından söhbət getmir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR