Fransada prezident seçkiləri ərəfəsində hökumət “islamçı terrorist” ovuna çıxıb

Fransada prezident seçkiləri ərəfəsində hökumət “islamçı terrorist” ovuna çıxıb
# 04 aprel 2012 16:54 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Fransada keçiriləcək prezident seçkiləri ərəfəsində hökumət ölkədə terrorizmdə şübhəli bilinən şəxsləri və mümkün terror aktlarını həyata keçirə biləcək qrupların həbsinə başlayıb. APA-nın Avropa bürosunun məlumatına görə, Fransa polisinin xüsusi alayının keçirdiyi bugünkü əməliyyatında daha bir neçə nəfər radikal islamçı saxlanılıb.

Qeyd edək ki, mart ayının 30-da da 10 nəfər islamçı saxlanılıb və bu hadisə Fransada böyük əks-sədaya və narazılıqlara səbəb olub. Bu əməliyyatlar Fransada 7 nəfərin ölümü ilə nəticələnmiş məlum terror aktından sonra baş verib. Həbslər daha çox Əfqanıstan və Pakistana səfər etmiş və ya bu ölkələrdə xüsusi terrorist qruplarla əlaqədə şübhəli bilinən şəxslərə qarşı aparılır. Lakin Fransa polisinin islamçılarla bağlı keçirdiyi əməliyyatların qəribəliyi ondan ibarətdir ki, əməliyyatdan öncə media nümayəndələrinə xəbər verilir və həbslər jurnalistlərin və fotoqrafların iştirakı ilə keçirilir. Fransa müxalifətinin və bir çox müstəqil ekspertlərin fikrincə, Fransada keçiriləcək prezident seçkilərinin birinci turuna 3 həftə qalmış belə əməliyyatların keçirilməsi və onların qəsdən ictimaiyyətə açıqlanması ilə məqsədyönlü siyasətdir. Sarkozi hökuməti bununla ölkə əhalisini islam təhlükəsi ilə qorxudaraq, seçkilərdə əlavə xallar qazanmaq fikrindədir. Artıq bir sıra müxalifət partiyalarının nümayəndələri, eləcə də Nikola Sarkoziyə rəqib olan prezidentliyə namizədlər bu həbslərin bir tamaşa çevrilməsi ilə bağlı kəskin narazılıqlarını bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR