Britaniyalı ekspert: “Azərbaycan mediası Qərb mətbuatının səhvlərindən öyrənərək çalışmalıdır ki, bu səhvləri təkrarlamasın”

Britaniyalı ekspert: “Azərbaycan mediası Qərb mətbuatının səhvlərindən öyrənərək çalışmalıdır ki, bu səhvləri təkrarlamasın”
# 26 sentyabr 2012 08:39 (UTC +04:00)
Bakı – APA. Bakıda keçirilən “Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar” adlı beynəlxalq konfransın ikinci günü panellərlə davam edib. APA-nın məlumatına görə, Böyük Britaniya Milli Jurnalistlər İttifaqının eksperti Arjuman Vajid çıxışında bildirib ki, Azərbaycan mediası Qərb mətbuatının səhvlərindən öyrənərək bunu təkrarlamamağa çalışmalıdır.

Ekspert “Etik media mühitinin inkişafında jurnalist ittifaqlarının rolu” mövzusunda keçirdiyi təqdimatda Britaniyada jurnalist həmkarlar təşkilatlarının bayağı, qeyri-etik şəkillərlə və məlumatlarla oxucu cəlb edilməsi siyasəti ilə apardığı mübarizədən danışıb. A. Vajid deyib ki, medianın gücü onun məsuliyyətində, cəmiyyəti məlumatlandırmasında və ölkədəki cari durumun qiymətləndirilməsindədir: “Medianın vəzifəsi həm qərar qəbul edən yuxarı idarəçilik orqanlarını cəmiyyətin problemləri barədə məlumatlandırmaq, həm də ölkənin bir hissəsində baş verən hadisələrlə digər hissədəki insanları bilgiləndirməkdir”.

A. Vajid Azərbaycanda qadınların ictimai həyatda daha aktiv olmasını da arzulayıb: “Mən 20 ildir Azərbaycana gəlirəm, burada keçirilən beynəlxalq konfranslarda iştirak etmişəm, amma yenə də bu tədbirlərdə qadınların aktiv iştirakını görmürəm”.

Qeyd edək ki, Bakıda keçirilən iki günlük konfrans “Etik jurnalistika təşəbbüsləri - Azərbaycan” layihəsi çərçivəsində təşkil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR