Azərbaycan Prezident Administrasiyası: Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bəlkə də bu il sözün əsl mənasında ciddi irəliləyiş olacaq

Azərbaycan Prezident Administrasiyası: Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bəlkə də bu il sözün əsl mənasında ciddi irəliləyiş olacaq
# 29 mart 2012 08:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Azərbaycanın dövlət başçısı həm Rusiya prezidenti, həm digər müvafiq qurumlarla keçirdiyi görüşlərdə dəfələrlə bəyan edib ki, Rusiya ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətləri mövcuddur. Strateji əlaqələr yaranıb və bu əlaqələr bütün sahələri əhatə edir. Ona görə də Rusiya kimi böyük bir dövlətin xarici işlər nazirinin Azərbaycana səfəri sıradan hadisə deyil. Bu, münasibətlərimizin növbəti illər və mərhələlər üçün qarşısında duran prioritetlərinin çərçivəsinin müəyyən olunmasında mühüm bir addım kimi dəyərləndirilməlidir”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana nəzərdə tutulan səfərinə münasibət bildirərkən deyib.

PA rəsmisi Rusiya ilə Azərbaycan arasında çox geniş spektrli məsələlərin olduğunu, bu məsələlərin qarşılıqlı şəkildə müzakirə edildiyini və qərarlar verildiyini bildirib.

“Səfər Dağlıq Qarabağ probleminin həllinə hansısa kömək göstərə bilərmi” sualına cavabında Ə. Həsənov bu səfərdən çox şey gözlədiklərini vurğulayıb: “Dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan daha güclü təsirə mailik olan ikinci dövlət yoxdur. Həm regional, həm Dağlıq Qarabağ məsələsinə yanaşmada, həm də Ermənistan üzərində Rusiyanın mövcud təsirini nəzərə almaqla biz bu ifadəni işlədir, bəyanat veririk. Sözün həqiqi mənasında Rusiyanın Ermənistan üzərində təsiri dünyada analoqu olmayan təsirdir. Rusiya Ermənistanı istədiyi istiqamətə yönəldə, istədiyi məsələdə Ermənistanı konstruktiv və ya qeyri-konstruktiv istiqamətə yönəldə bilər. Bu anlamda biz Rusiyadan çox şey gözləyirik. Rusiya tərəfindən də müəyyən təşəbbüslər var. İstər Rusiya prezidenti, istər baş naziri bu istiqamətdə dəfələrlə səylər nümayiş etdiriblər. Bəyan ediblər ki, belə səylər bundan sonra da davam etdiriləcək. Bəlkə də bu il sözün əsl mənasında ciddi irəliləyiş müşahidə edəcəyik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR