Mətbuat Şurasında tanınmış idman jurnalisti Mirpaşa Miriyevə həsr olunmuş kitabın təqdimatı keçirilib - FOTO

Mətbuat Şurasında tanınmış idman jurnalisti Mirpaşa Miriyevə həsr olunmuş kitabın təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 13 iyul 2012 15:04 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) tanınmış idman jurnalisti Mirpaşa Miriyevə həsr olunmuş «Bizim təmkinli əzizimiz» kitabının təqdimatı keçirilib. Şuradan APA-ya verilən məlumata görə, tədbiri açan MŞ sədri Əflatun Amaşov uzun və mənalı ömür yolu keçmiş Mirpaşa Miriyevin Azərbaycanda idman jurnalistikasının inkişafında müstəsna xidmətlərinin olduğunu vurğulayıb. O bildirib ki, müharibə illərində Dövlət Radio Verilişləri Komitəsində siyasi verilişlər şöbəsinə rəhbərlik etmiş Mirpaşa Miriyev 1947-ci ildə «Azərbaycan gəncləri» qəzetində redaktor müavini işləyib. 1950-ci ildən 1987-ci ilədək «İdman» qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Məhz onun rəhbərliyi altında nəşr 120 min tirajla çıxıb: «Bu qəzet bütün dövrlər üçün nümunəvi idman nəşri sayıla bilər. Tərtibatından tutmuş peşəkarlıq xüsusiyyətlərinədək nəşrdə Mirpaşa Miriyev yaradıcılığının, dəst-xəttinin ruhu duyulub. Həmin ruh indi də yaşadılmaqdadır. Nəşr birbaşa onun adı ilə bağlı idi. O, jurnalistikamızda örnək ola biləcək bir nümunə yaratmışdı».

MŞ sədri «Bizim təmkinli əzizimiz» kitabı haqqında məlumat verərək bildirib ki, nəşrin müəllifi M.Miriyevin qızı, pedaqoji elmlər namizədi Ulduz Miriyevadır. Kitabda ustad jurnalistin həyat yolundan, idman jurnalistikasında qazandığı uğurlardan bəhs olunub. Orada həmçinin M.Miriyev yaradıcılığı ilə tanış olanların, jurnalisti tanıyanların, dostlarının, qələm yoldaşlarının və doğmalarının onun haqqındakı xatirələri əksini tapıb.

Ə.Amaşov «Bizim təmkinli əzizimiz» kitabının müəllifi U.Miriyevanı Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edib.

Tədbirdə veteran jurnalistlər Oqtay Bayramov, Aydın Əliyev, Altay Zahidov, Məzahir Süleymanzadə, Fazil Rəhmanzadə, bəstəkar Oqtay Rəcəbov, kinorejissor Ayaz Salayev, İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədov, İdman Jurnalistləri Assosiasiyasının prezidentin Eldar İsmayılov, «Olimpiya dünyası» qəzetinin baş redaktoru Murad Fərzəliyev, «İdman» qəzetinin baş redaktoru Qabil Mehdiyev və başqaları çıxış edərək M.Miriyevi tələbkar rəhbər, nəcib və səxavətli insan kimi xarakterizə ediblər.
Sonda çıxış edən «Bizim təmkinli əzizimiz» kitabının müəllifi U.Miriyeva tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

Qeyd olunub ki, «Bizim təmkinli əzizimiz» kitabı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə nəşr olunub.

Yaradıcılığının böyük hissəsini idman jurnalistikasına bağlamış Mirpaşa Mirismayıl oğlu Miriyev 1920-ci il iyunun 24-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetində təhsil aldığı müddətdə «Azərnəşr»də korrektor vəzifəsində çalışıb, «Gənc işçi» qəzeti ilə əməkdaşlıq edib. Həmin nəşr fəaliyyətini dayandırdıqdan sonra Dövlət Radio Verilişləri Komitəsində işləyib. 1950-ci ildə «Azərbaycan bədən tərbiyəçisi» və «Fizkulturnik Azerbaycana» qəzetlərinə redaktor təyin edilib. Sonradan bu qəzetlərin adları dəyişdirilərək «İdman» və «Sport» olub. 1987-ci ilədək burada çalışan M.Miriyev həmin il təqaüdə çıxıb və «Neftçi» İdman Sağlamlıq Cəmiyyətində sədr müavini kimi ictimai fəaliyyət göstərib. Müxtəlif diplomlarla, tərifnamələrlə təltif olunan M.Miriyev həmçinin respublikanın əməkdar jurnalisti və prezident təqaüdçüsü adlarını daşıyıb. İdmanla bağlı çoxsaylı kitab müəllifi olan M.Miriyev 2007-ci ilin iyun ayının 12-də vəfat edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR