Bakı Ali Neft Məktəbində Kimya üzrə Nobel mükafatı laureatı ilə görüş keçirilib

Bakı Ali Neft Məktəbində Kimya üzrə Nobel mükafatı laureatı ilə görüş keçirilib
# 05 oktyabr 2012 14:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı Ali Neft Məktəbində II Bakı Beynəlxalq Humanitar Forumun iştirakçısı, 2011-ci ilin Kimya üzrə Nobel mükafatı laureatı, professor Dan Şextman ilə görüş keçirilib. APA-nın məlumatına görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov rəhbərlik etdiyi qurumun ötən il noyabrın 29-da ölkə prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda yaradıldığını, fəaliyyətinin məqsədinin ən müasir tədris proqramları və texnologiyaları əsasında ingilis dilində yüksəkixtisaslı mühəndis kadrların hazırlanması olduğunu bildirib. Rektor deyib ki, Bakı Ali Neft Məktəbi artıq Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq əlaqələri qurub, ötən aydan isə ali məktəbə qəbul olmuş 116 tələbə tədris prosesinə qoşulub.

E. Qasımov dünya şöhrətli alimin Azərbaycanın ən gənc ali təhsil müəssisəsinə gəlməsindən şad olduğunu bildirib, ona elm və təhsil sahəsində əlaqələrin genişləndirilmısində fəal iştirakına görə Elmi Şuranın qərarı ilə “Bakı Ali Neft Məktəbinin Fəxri Doktoru” adının verildiyini elan edib və diplomu professora təqdim edib.

D. Şextman isə qeyd edib ki, Azərbaycan neftlə zəngin olduğu üçün burada kimyəvi mühəndislik və digər texniki sahələrdə kadrlar hazırlanmasına ehtiyac var. Bu baxımdan Bakı Ali Neft Məktəbinin açılması böyük əhəmiyyət kəsb edir. O qeyd edib ki, Bakı Ali Neft Məktəbinin hazırladığı kadrlar sonradan iqtisadiyyatın inkişafına dəstək olacaqlar və ölkə üçün yeni məhsulları, texnologiyaları inkişaf etdirəcəklər. D. Şextman Azərbaycanın sürətli inkişaf yolunda inamla addımladığını vurğulayıb, Bakı Ali Neft Məktəbinin kollektivinə uğurlar diləyib və fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR