Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının görkəmli xadimlər qrupunun 7-ci iclası keçirilib

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının görkəmli xadimlər qrupunun 7-ci iclası keçirilib
# 18 iyul 2012 13:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) görkəmli xadimlər qrupunun 7-ci iclası keçirilib.

İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iclasda Azərbaycan, Türkiyə, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan və Qırğızıstan nümayəndələri, İƏT-in baş katibi Yəhya Marufi və İƏT Katibliyinin əməkdaşları iştirak ediblər.

Bakıya səfəri çərçivəsində İƏT-in baş katibi Yəhya Marufi Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb. Görüşdə İƏT ilə əməkdaşlığın mövcud vəziyyəti, əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub. İƏT-lə əlaqələrin genişləndiyini qeyd edən nazir Ş.Mustafayev bildirib ki, Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq ölkə artıq İƏT Ticarət və İnkişaf Bankına (ECOBANK) 3%-lik payla üzv olmaq niyyətini bildirib, bu ilin əvvəlində ECOBANK-ın Rəhbərlər Şurasının toplantısında Azərbaycanın banka üzvlük müraciəti qəbul edilib. Müvafiq prosedurlar başa çatdırıldıqdan sonra Azərbaycanın ECOBANK-a tamhüquqlu üzvlüyü təsdiq ediləcək. Bankla əməkdaşlıq özəl sektorun maliyyələşdirilməsinə, İƏT üzvü olan ölkələrlə iqtisadi-ticarət əlaqələrinin inkişafına yeni imkanlar yaradacaq.

İki gün davam edən iclasda iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycanın qazandığı iqtisadi uğurlar barədə məlumat verib, ölkənin beynəlxalq maliyyə-iqtisadi təşkilatlarla, o cümlədən İƏT-lə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. N.Səfərov 2011-ci ildə Azərbaycanın təşkilata üzv ölkələrlə ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 37,8% artdığını da qeyd edib.

Y.Marufi təşkilatın son illərdəki fəaliyyəti barədə məlumat verib, üzv ölkələr arasında inteqrasiya və əməkdaşlığın dərinləşməsinin əhəmiyyətini vurğulayıb. Görkəmli xadimlər qrupunun sədri, Türkiyənin nümayəndəsi Numan Xəzər qrupun fəaliyyəti və əvvəlki iclaslarının nəticələri barədə məlumat verib.

İclas müzakirələrlə davam etdirilib, «İƏT-in səmərəliliyinin, dinamikliyinin və potensialının gücləndirilməsi» hesabatının hazırlanması üzrə iş başa çatdırılıb.

Hesabat qrupun bu ilin sentyabr ayında Türkiyədə keçiriləcək yekun iclasında İƏT-in Katibliyinə təqdim ediləcək, oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılan İƏT-in zirvə toplantısında nəzərdən keçirilərək müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, İƏT-in 2010-cu ilin dekabrında keçirilən sonuncu sammitində yaradılmış görkəmli xadimlər qrupunun əsas vəzifəsi təşkilatın son 10 ildə fəaliyyətini təhlil etmək və qiymətləndirmək, tövsiyə və təklifləri hazırlayaraq İƏT-ə təqdim etməkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR