Metroda Vergilər Nazirliyinin məlumat köşkləri quraşdırılır

Metroda Vergilər Nazirliyinin məlumat köşkləri quraşdırılır
# 02 noyabr 2012 06:48 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Vergilər Nazirliyi Bakı Metropoliteninin stansiyalarında məlumat köşkləri quraşdırmağa başlayıb. «APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, köşklərin quraşdırılmasında məqsəd vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, onların məlumat əldə etmə imkanlarının genişləndirilməsi və bu sahədə funksional idarəetmənin yeni formalarının tətbiqidir.

Sensor monitorlu elektron aparatlar vasitəsilə Nazirliyin məlumat resurslarından istifadə etmək mümkündür. Hələlik metronun 8 stansiyasında 15 info-köşk quraşdırılıb: «Sahil» stansiyasında 2, «Gənclik»də 2, «Ulduz»da 2, «Xalqlar dostluğu»nda 1, «Əhmədli»də 2, «İnşaatçılar»da 2, «20 Yanvar»da 2, «Memar Əcəmi»də 2. Vergi ödəyiciləri bu köşklər vasitəsilə Nazirliyin saytından sorğu xarakterli, vergi qanunvericiliyi və s. sahələrlə bağlı məlumat ala bilərlər.

Məlumat köşkünün monitorunda müxtəlif nəslin nümayəndələrinin maraqlarına və intellektual səviyyələrinə uyğun 6 bölmə yerləşdirilib. Elektron xidmətlər bölməsində Vergilər Nazirliyi tərəfindən təqdim olunan elektron vergi xidmətləri haqqında məlumat və onlardan istifadə qaydaları ilə tanış ola, eləcə də son 20 il ərzində ölkənin vergi sisteminin qurulması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat əldə edə bilərlər. Məktəblilər və gənc nəslin nümayəndələri isə «Vergilər uşaqların gözü ilə» adlı bölməyə daxil olub ənənəvi olaraq 1 iyun beynəlxalq uşaq günü münasibətilə keçirilən müsabiqənin keçirilmə qaydaları, yarışmaya təqdim edilən rəsmlər və inşa mətnləri ilə tanış ola bilərlər.

Əyləncəli oyunları sevənlər isə «İntizamlı vergi ödəyicisi ol» oyunundan istifadə edə, eləcə də interaktiv vergi testindən istifadə edərək vergilər haqqında biliklərini yoxlaya bilərlər. Məlumat köşkündə Vergilər Nazirliyinin «195» xidmətinin fəaliyyəti və xidmətdən istifadə qaydaları haqqında məlumat var. Bundan başqa, məlumat köşklərinin ekranlarında vergilərin ölkənin gələcək inkişafı üçün əhəmiyyəti, nağd ödənişlər zamanı kassa çekinin vurulmasının, nağdsız ödənişlərdən istifadənin, əmək müqaviləsi bağlanmasının zəruriliyi barədə video çarxlar nümayiş etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR