Bakı-Qars dəmir yolu marşrutu ilə ilk işçi qatarı bu il yola salınacaq

Bakı-Qars dəmir yolu marşrutu ilə ilk işçi qatarı bu il yola salınacaq
# 16 aprel 2012 12:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı-Tbiliisi-Qars (BTQ) dəmir yolu marşrutu ilə ilk işçi qatarı 2012-ci ilin sonuna kimi yola salınacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

M.Pənahovun sözlərinə görə, hazırda layihə üzrə aktiv tikinti işləri aparılır. Həmçinin Türkiyə-Gürcüstan sərhədində sürüşmə zonasının olması səbəbindən yaranan müəyyən problemlərə baxmayaraq, işlər qrafik üzrə davam etdirilir. Nəticədə, gözlənilən kimi, dəmir yolunun gələn il tam istismara verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin “Marabda-Kartsaxi Dəmir Yolları” MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. dollar məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.

Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR