Tərtərdə Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü qeyd edilib

Tərtərdə Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü qeyd edilib
# 04 aprel 2012 15:45 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu – APA. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 4 Aprel- Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü münasibətilə Tərtərdəki 6 saylı şəhər və Şıxarx kənd orta məktəblərində toplantılar keçirib. APA-nın Qarabağ
bürosunun xəbərinə görə, tədbirlərdə yerli hakimiyyət, özünü idarəetmə orqanlarının, rayon təhsil şöbəsinin nümayəndələri, məktəblərin pedaqoji kollektivləri, şagirdlər, yerli əhali və Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının Tərtər rayon şöbəsinin üzvləri iştirak ediblər. BAMF-ın İcma Mina Aksiyası Komandasının mina təhlükəsinə dair maarifləndirici mütəxəssisi Siyab Məmmədli Azərbaycanda mina probleminin yaranması tarixindən, bu problemin aradan qaldırılması istiqamətində dövlətin və beynəlxalq humanitar təşkilatların, o cümlədən BAMF-nin gördüyü işlərdən danışıb. O qeyd edib ki, BAMF ölkədə mina təhlükəsi ilə mübarizə proqramına 2000-ci ildən qoşulub və indiyədək bu sahədə bir sıra uğurlu layihələr həyata keçirib. Qeyd olunub ki, Tərtər rayonu təmas xəttinə yaxın ərazidə yerləşdiyindən burada yerli sakinlərin mina təhlükəsinə qarşı mübarizə istiqamətində hələ də maarifləndirilməsinə zərurət var. Tədbir əsnasında əraziləri mina və partlamamış hərbi sursatlarla daha çox çirklənmiş Şıxarx və Həsənqaya kəndlərini Tərtər şəhəri ilə birləşdirən yolun kənarında Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin hazırladığı mina təhlükəsinə dair maarifləndirici dəmir lövhə basdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR