Tiflis Azərbaycan Dövlət Dram Teatrı qəzalı vəziyyətdədir

Tiflis Azərbaycan Dövlət Dram Teatrı qəzalı vəziyyətdədir
# 25 may 2012 09:29 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. “Gürcüstan paytaxtında fəaliyyət göstərən Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrı qəzalı vəziyyətdədir. Biz gənclərimizi teatra aparmaqdan çəkinirik. Çünki hər an qəza baş verə bilər”. Bu sözləri APA-ya açıqlamasında Gürcüstan Azərbaycanlılarının Gənclər İttifaqının sədri Leyla Məmmədova deyib. O bildirib ki, Tiflis Azərbaycan Dövlət Dram Teatrının binası acınacaqlı vəziyyətə düşüb: “Teatrın tavanı və divarları uçmaq təhlükəsi qarşısındadır. Təhlükəli şəraitdə oturub teatra baxmaq qeyri-mümkündür. Dəfələrlə kollektiv aidiyyatı təşkilatlara, o cümlədən Gürcüstan Mədəniyyət Nazirliyinə müraciət etsə də, hələlik irəliləyiş yoxdur. Artıq gənc aktyorlar teatrdan yavaş-yavaş uzaqlaşırlar”.

Gürcüstan parlamentin deputatı Ramin Bayramov da məsələyə münasibət bildirib: “Teatrın təmiri ilə bağlı mənə də müraciət olunmuşdu. Biz bu məsələ ilə ciddi məşğul olmuşuq. Təmir məsələsi Gürcüstan hökumətinin milli azlıqlar üçün həyata keçirdiyi “5 illik Milli Konsepsiya. Tolerantlıq və Vətəndaş İnteqrasiya Planı” layihəsində də nəzərdə tutulub. Azərbaycan və Gürcüstan mədəniyyət nazirlikləri arasında teatrın bərpası haqqında danışıqlar da aparılıb. Sadəcə olaraq, bir az vaxt lazımdır. Düşünürəm ki, hər şey yaxşı olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR