Siyavuş Novruzov: “Piket, mitinq keçirmək demokratiya uğrunda mübarizədirsə, nə oldu, mübarizə bitdi?”

Siyavuş Novruzov: “Piket, mitinq keçirmək demokratiya uğrunda mübarizədirsə, nə oldu, mübarizə bitdi?”
# 13 iyul 2012 09:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. “Azərbaycanın bu qədər uğurları olduğu halda, müxaliflər müxtəlif yerlərdə piketlər keçirməklə, özlərini polislərə çırpmaqla, xarici jurnalistlərə yanlış məlumatlar verməklə Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışırdılar. Bəs indi niyə piket, mitinq keçirilmir? Bu, demokratiya uğrunda mübarizə idisə, indi mübarizə bitdimi?». APA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.

S. Novruzov müxalifətin 20-ci sahədə keçirilən mitinqlərini şəxsən müşahidə etdiyini deyib: “Bu mitinqlər müxalifətin elektoratının, sosial dayaqlarının olmadığını göstərdi. Ona görə də, daha 20-ci sahədə mitinq keçirmirlər. Oradakı mitinqdə İsa Qəmbər yalvarırdı ki, gələn dəfə hərə özü ilə 5-6 nəfər gətirsin. Bu, kolxoz bazarı deyil ki? Əgər sənin tərəfdarın varsa, mitinqə gələcək, yoxdursa, gəlməyəcək. Bu mitinqlərə 1500-dən çox adam toplaşmadı”.

YAP rəsmisi ABŞ dövlət katibi və Avropa Birliyi Şurasının prezidentinin müxalifətlə görüşməməsinə də münasibət bildirib: «Bu onu göstərir ki, mötəbər xarici qonaqlar da bu müxalifətin ölkəmizdə heç bir nüfuzunun olmadığını bilir və onları siyasi meyit hesab edirlər. Belə partiyaların rəhbərləri ilə görüşə əhəmiyyət vermirlər. Müxalifət düşərgəsinin bugünkü funksiyası müxtəlif mətbuat orqanlarına, beynəlxalq təşkilatlara donos yazmaqdan ibarətdir”.

Müxalifət partiyalarının 2013-cü il prezident seçkiləri ilə bağlı fikirlərinə münasibət bildirən S. Novruzov deyib ki, hazırda bu düşərgədən olan iddialı şəxslər öz partiyalarının qurultayını keçirə bilmirlər: “Qurultay zamanı özlərinə qarşı daxildən etiraz səslərinin ucalacağından qorxurlar. Çünki öz partiyalarını geriyə aparırlar, islahatlar həyata keçirmirlər, kürsülərində oturmaq üçün daxili intriqa yaradırlar. Bütün bu səbəblərdən qurultay keçirə bilmirlər. Belə olan halda hansı məntiqlə prezident seçkilərində iştirak etmək istəyirlər? Hazırda onlar vahid namizəd məsələsini də ortaya atıblar. Amma razılığa gələ bilmirlər. Həmişə deyirdilər ki, biz Rəsulzadə, Elçibəy yolu ilə gedirik. Amma 1998-ci ildə seçkilər ərəfəsində Elçibəy onlardan xahiş etmişdi ki, onun vahid namizəd olmasını dəstəkləsinlər. Heç biri güzəştə getmədi”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR