Etimad İsmayılov: “Bizim yanaşmamızın kökündə vətən anlayışı durur, Liberal Partiyası isə başqa siyasi kursa üstünlük verir”

Etimad İsmayılov: “Bizim yanaşmamızın kökündə vətən anlayışı durur, Liberal Partiyası isə başqa siyasi kursa üstünlük verir”
# 10 aprel 2012 10:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Ədalət Partiyasının birlik təşəbbüsü hazırda danışıqlar prosesi mərhələsindədir. Hadisələri qabaqlamaq istəmirəm. Ən azı Ədalət, Yaşıllar, o cümlədən Vətəndaş və İnkişaf partiyaları arasında qarşılıqlı səmimi münasibət və inam var. Bu mühüm faktordur, digər məsələlər isə öz həllini tapacaq”. Bunu APA-ya açıqlamasında Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov deyib. O bildirib ki, Ədalət Partiyası cəmiyyətin vahidləşməsində maraqlı olan qüvvədir, Azərbaycanın daxili və xarici problemləri, təhlükələri və təhdidləri bunu tələb edir: “Partiya bu istiqamətdə də daim addımlar atıb. Lakin insanların daxili aləmləri, düşüncələri və siyasi baxışlarının fərqliliyi bir çox hallarda birliklərin baş tutmasına imkan verməyib. Yaxud da, zaman-zaman birliklər bu və ya digər şəkildə uğursuz fəaliyyətdən sonra dağılıb. Cəmiyyətdə kifayət qədər vicdanlı, şərəfli və dürüst insanlar var. Həmin insanları mütləq şəkildə bir araya gətirmək lazımdır”.

E. İsmayılov qeyd edib ki, artıq bu prosesdə Liberal Partiyasının iştirak edib-etməyəcəyi haqda məlumat verə bilməyəcək: “Məncə Liberal Partiyası başqa siyasi kursa üstünlük verir. Bizim yanaşmamızın kökündə vətən anlayışı durur. Yəni hakimiyyət hərisliyi, şəxsi maraq və ambisiyalar, hamıya bəlli olan sosial, iqtisadi problemləri bayraq və bəhanə edib, kimlərinsə sifarişlərini yerinə yetirmək yox, əvvəldə sadaladığım siyasi təfəkkürlü qüvvələrin bir araya gəlməsinin tərəfdarıyıq. Hazırda bu mövqedə olan Vətəndaş və İnkişaf Partiyası, eyni zamanda Yaşıllar Partiyası ilə danışıqlar aparırıq”.

Danışıqların miqyasını genişləndirmək niyyətinin müzakirə predmeti olduğunu da söyləyən E. İsmayılov deyib ki, müxalifət rəngbərəngdir, onların yanaşmaları, düşüncələri, amalları da fərqlidir: “Gərək elə partiya ilə əməkdaşlıq edəsən ki, onun kökündə məsuliyyət və siyasi təfəkkür dayansın”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR