Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində beynəlxalq konfrans keçirilib - FOTOSESSİYA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində beynəlxalq konfrans keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 23 fevral 2012 10:45 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə birgə “Avropa Qonşuluq Siyasəti və Azərbaycanda sosial müdafiə sisteminin islahatı: həyata keçirilən siyasətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

APA-nın məlumatına görə tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Avropa Qonşuluq Siyasətləri proqramlarında iştirakı, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin analitik və proqnozlaşdırma potensialının yaxşılaşdırılması vasitəsilə sosial müdafiə siyasətinin təsirliliyinin və səmərəliliyinin artırılması” üzrə Tvinninq layihəsinin nəticələri müzakirə olunub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, Azərbaycanın sosial-iqtisadi həyatının bütün sahələrində həyata keçirilən islahatlarda səmərəli nəticələrə nail olunması üçün Avropa Qonşuluq Siyasəti və Tərəfdaşlığı çərçivəsində Tvinninq, TAİEX və SİQMA proqramlarına daha çox üstünlük verilir. O deyib ki, nazirlik də sosial müdafiənin bir çox sahələrində islahatların aparılması üçün Tvinninq və TAİEX proqramları çərçivəsində Avropanın qabaqcıl dövlətləri ilə məqsədyönlü əməkdaşlıq həyata keçirir. Nazir müavinin sözlərinə görə, tvinninq layihəsi 2010-cu ilin sentyabr ayından həyata keçirilməyə başlayıb və bir sıra uğurlu nəticələr əldə edilib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib ki, Azərbaycanda yoxsulluğun səviyyəsinin azaldılması ilə bağlı ölkə rəhbərliyi tərəfindən böyük işlər görülüb. Onun sözlərinə görə, bir neçə il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi xeyli aşağı düşüb: “Azərbaycan bu gün böyük iqtisadi uğurlar yaşayır və bu inkişaf hamıya məlumdur. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da şəhərlə əyalət arasında insanların yaşam tərzində fərqlər var. Amma Azərbaycanda regionların iqtisadi inkişafına dair proqram həyata keçirilir”. Birgə tvinninq layihəsinin həyata keçirilməsi ilə bağlı uğurlu nəticələrin əldə edildiyini deyən R. Kobia Avropa İttifaqının Azərbaycanla sosial müdafiə sahəsində əməkdaşlığa hər zaman hazır olduğunu deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR