Azərbaycan və İsrailin xarici işlər nazirləri arasında görüş olub

Azərbaycan və İsrailin xarici işlər nazirləri arasında görüş olub
# 23 aprel 2012 13:09 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkədə rəsmi səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Libermanla görüş keçirib. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı ölkələr arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.

A. Liberman Azərbaycanın iqtisadi inkişafının göz önündə olduğunu deyərək iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər Azərbaycanla İsrail arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini qeyd ediblər. A. Liberman Azərbaycanı BMT Təhlükəsizlik Şurasında görməkdən məmnun olduğunu vurğulayaraq beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini dilə gətirib.

E. Məmmədyarov həmkarına Dağlıq Qarabağ münaqişəsi və onun sülh yolu ilə həlli prosesi istiqamətində atılan addımlar barədə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR