Azay Quliyev: “Erməni snayperləri Azərbaycan ərazilərində nə edirlər?”

Azay Quliyev: “Erməni snayperləri Azərbaycan ərazilərində nə edirlər?”
# 06 iyul 2012 14:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması təmas xətti boyunca və bütövlükdə regionda gərginliyin hələ də davam etməsinə səbəb olur”. APA-nın məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının Monakoda keçirilən 21-ci sessiyasında litvalı deputat Vilija Aleknaite Abramikieneisin “ATƏT – dəyişən region” adlı məruzəsinin müzakirəsində Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev deyib.

A. Quliyev çıxışında bildirib ki, məruzəçi ATƏT regionunda hələ də mövcud olan, təhlükəsizlik və stabillik üçün ən böyük təhlükələrdən biri olaraq qalan həll olunmamış və ya həlli uzadılmış münaqişələrə toxunub və digər mühüm məsələləri əhatə etməyə səy göstərib: “Xanım Vilija Aleknaite Abramikieneis tamamilə haqlıdır ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması təmas xətti boyunca və bütövlükdə regionda gərginliyin hələ də davam etməsinə səbəb olur. O, ilk mühüm addım kimi atəşkəs haqqında sazişə riayət edilməsini və snayperlerin geri çəkilməsini təklif edir. Həmçinin insidentlər baş verdiyi zaman müfəssəl tədqiqatın aparılmasını xahiş edir.
Azərbaycan tərəfi qoşunların təmas xəttində baş verən insidentlərin araşdırılmasına dair mexanizmin yaradılmasına razıdır. Amma məntiqi olaraq bu mexanizm Ermənistan qoşunlarının bizim torpaqlardan çıxmasından sonra işləyə bilər. Əgər bu baş versə, snayperlərə ehtiyac olmayacaq”.

Azərbaycanlı deputat “erməni snayperləri Azərbaycanın təmas xəttindən keçən ərazilərində nə edirlər?” - deyə sual ünvanlayıb. Millət vəkilinin sözlərinə görə, ATƏT PA Ermənistana aydın şəkildə bəyan etməlidir ki, o, mövcud status-kvonun davam etməsini və işğalın qanuniləşdirilməsini qəbul etməyəcək: “Bir daha vurğulamaq lazımdır ki, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlamaqla bütün beynəlxalq konvensiyaları və hüquq normalaranı kobud şəkildə pozur. Azərbaycan beynəlxalq normalar çərçivəsində Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək istəyir və eyni münasibəti də qarşı tərəfdən gözləyirik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR