Fərhad Bədəlbəyli: “Ümid edirik ki, festival konsertləri musiqisevərlərə unudulmaz anlar, təəssüratlar bəxş edəcək”

Fərhad Bədəlbəyli: “Ümid edirik ki, festival konsertləri musiqisevərlərə unudulmaz anlar, təəssüratlar bəxş edəcək”
# 24 iyul 2012 18:22 (UTC +04:00)
Qəbələ. Ülkər Rəşidqızı – APA. “Artıq dördüncü ildir ki, Azərbaycanın füsunkar guşələrindən biri olan Qəbələ musiqisevərlərin ənənəvi beynəlxalq musiqi festivalına dəvət edir. Təbiətin bu qədim diyarı bəxş etdiyi gözəllik və əzəmət burada səslənən musiqinin parlaq bədii təsiri, təqdim olunan ifaların mükəmməlliyi ilə qovuşmaq unikal, unudulmaz bir aura yaradır”. Bu sözləri APA-nın Qəbələyə ezam olunmuş xüsusi müxbirinə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, IV Qəbələ Beynəlxalq Musiqi Festivalının rəhbərlərindən biri, xalq artisti Fərhad Bədəlbəyli deyib. F.Bədəlbəyli qeyd edib ki, bu il festival iştirakçıları və qonaqları arasında Rusiya, Böyük Britaniya, Polşa, Sloveniya, Fransa, ABŞ, İtaliya, İsveçrə müasir ifaçılıq sənətinin zivəsində duran dünya şöhrətli ustad sənətkarlar və məşhur kollektivlər var: “Festivalın proqramı rəngarəngdir. Simfonik və kamera konsertləri, muğam gecəsi musiqisevərlərə dünya musiqisinin zənginliyini bir daha, musiqi tək əsrarəngiz təbiətlə harmoniyada duymağa imkan verəcək”. Bu il festivalın proqramında yubiley tarixlərinə həsr olunmuş konsertlərin keçirilməsini xüsusi qeyd edən F.Bədəlbəyli, bu sırada həm bu gün keçirilən görkəmli müğənni Müslüm Maqomayevin 70 illiyinin, görkəmli bəstəkar, SSRİ xalq artisti Fikrət Əmirovun 90 illiyinin və SSRİ xalq artisti Niyazinin 100 illiyinin keçirilməsinin festivalda yeni bir ənənənin təməlini qoyduğunu deyib: “Festival çərçivəsində daha bir maraqlı təqdimatda keçiriləcək. Gənc, istedadlı azərbaycanlı pianoçu, Beynəlxalq Montrö caz müsabiqəsinin qalibi İsfar Sarabski artıq həm də “Beltmann” piano şirkətinin əsas siması kimi təqdim olunacaq. Bir daha bütün iştirakçıları, qonaqları bu sənət bayramında salamlayır və ümid edirik ki, festival konsertləri musiqisevərlərə unudulmaz anlar, təəssüratlar bəxş edəcək. Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri kimi beynəlxalq aləmdə böyük əks-səda oyadan bu festivalın təkrarolunmaz siması və dəst-xətti var”.

Artıq dördüncü dəfədir keçirilən bu festivalın çox böyük təsirinin olduğunu deyən festival rəhbəri, bunun nəticəsi olaraq builki musiqi bayramında Qəbələdən olan bir istedadlı pianoçunun konsert verəcəyini də söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR