Hakimliyə namizədlər üçün təşkil olunan uzunmüddətli tədris kursunun açılışı olub

Hakimliyə namizədlər üçün təşkil olunan uzunmüddətli tədris kursunun açılışı olub
# 02 aprel 2012 15:14 (UTC +04:00)
Bakı-APA. Hakimliyə namizədlərlə test üsulu ilə, habelə yazılı və şifahi keçirilmiş imtahanlarda müvəffəqiyyət qazanmış 77 nəfər namizəd növbəti mərhələyə - uzunmüddətli tədris kurslarına buraxılıb. Məhkəmə-Hüquq Şurasından APA-ya verilən məlumata görə, kursun proqramı müasir metodika və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb, namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilərək, proqrama ən aktual, o cümlədən insan haqları, xüsusilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi (presedentləri), habelə məhkəmə etikası, korrupsiya ilə mübarizə, milli qanunvericiliyin yenilikləri və digər məsələlərə dair mövzular daxil edilmiş, müxtəlif məhkəmələrdə yarımillik staj keçmə nəzərdə tutulub.
Bu gün həmin kursun təntənəli açılışı olub. Kursu açan Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov dinləyicilər qarşısında mühazirə ilə çıxış edib.
Kursa başlayan hakimliyə namizədlərə uğurlar arzulayan nazir məhkəmə sistemində nəzəri və peşə hazırlığı ilə yanaşı, yüksək insani keyfiyyətlərinə, o cümlədən mənəvi təmizliyinə, ədalətliliyinə və qərəzsizliyinə, insanlara qayğılı münasibətinə görə fərqlənən şəxslərin təmsil edilməsinin zəruriliyini bildirmiş, onlara bu yüksək amalları daim uca tutmalarını tövsiyə edib.
Sonra tədris proqramına uyğun olaraq kurs Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynovun insan hüquqlarının etibarlı təminatı mövzusu və digər aktual məsələlər üzrə mühazirələrlə öz işini davam etdirib.
Qeyd olunub ki, Ədliyyə Akademiyasında 1 il müddətində davam edəcək kursda yüksək məhkəmə hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və təcrübəyə malik olan şəxslərin, habelə nüfuzlu xarici mütəxəssislərin mühazirələri təşkil olunacaq və kurs çərçivəsində hakimliyə namizədlər xarici ölkələrdə müsbət beynəlxalq təcrübə üzrə ayrıca təlimlər keçəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR