Xəzərin Azərbaycan sektorunda quraşdırılacaq bir sualtı seysmik stansiyanın dəyəri yarım milyon dollardır

Xəzərin Azərbaycan sektorunda quraşdırılacaq bir sualtı seysmik stansiyanın dəyəri yarım milyon dollardır
# 27 iyun 2012 15:10 (UTC +04:00)
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli APA-ya bildirib ki, amerikalı mütəxəssislər sualtı stansiyalar quraşdırılacaq “Günəşli”, “Ümid” və “Bahar” yataqlarına baxış keçiriblər: “Dənizin səviyyəsi, dərinliyi, platformaların hündürlüyü ilə bağlı dəqiq ölçmələr aparıldı. Dənizdə suyun altında quyu qazılmalı, orada seysmometr müəyyən qabın içində həmin ərazidə oturdurulmalı, batareyalar, günəş antenaları quraşdırılmalıdır”.

Q. Yetirmişli qeyd edib ki, sualtı stansiyalar “online” rejimdə işləyəcək. Məlumatlar birbaşa RSXM-da yerləşən serverə ötürüləcək: “İki ay müddətində sualtı seysmik stansiyalarla əlaqədar cihazlar ölkəyə gətiriləcək. Texniki parametrlər artıq dəqiqləşdirilib. Sentyabrın sonuna qədər sualtı seysmik stansiyaların quraşdırılması başa çatdırılmalıdır. Sonra su soyuyacaq”.

Baş direktor 1 sualtı stansiyanın qiymətinin yarım milyon dollar olduğunu deyib: “Xəzərdə ilkin olaraq 3 seysmik stansiya quraşdırılacaq. Daha 7 seysmik stansiyanın quraşdırılması və Xəzərdəki sualtı stansiyaların sayının 10-a çatdırılması isə Mərkəzin gələcək planlarında nəzərdə tutulur. Hazırda ölkədə 31 seysmik stansiya fəaliyyət göstərir. 3 yeraltı sualtı stansiya və Ağdam, Füzulu, Beyləqan və Yardımlıda seysmik stansiyalar quraşdırılandan sonra Azərbaycanın seysmik monitorinq sistemindəki stansiyaların sayı 38-ə çatdırılacaq”.

Qeyd edək ki, amerikalı mütəxəssislər Bakıya iyunun 20-də gəliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR