«Eurovision»un rəhbəri Yan Ola Sand və «Eurovision-2012»-nin baş prodüseri Adil Kərimli salamlama nitqi ilə çıxış ediblər

«Eurovision»un rəhbəri Yan Ola Sand və «Eurovision-2012»-nin baş prodüseri Adil Kərimli salamlama nitqi ilə çıxış ediblər
# 13 may 2012 09:16 (UTC +04:00)
Bakı – APA. «Eurovision» mahnı müsabiqəsinin rəhbəri (executive supervisor) Yan Ola Sandın «Eurovision-2012» ilə əlaqədar salamlama nitqi yayılıb. APA-nın məlumatına görə, salamlama nitqində deyilir: «Salam, Avropa!

Azərbaycan dördüncü cəhdindən sonra keçən il “Eurovision” mahnı müsabiqəsinin qalibi oldu. Eldar və Nigar «Running Scared» mahnısı ilə Avropa izləyicilərinin və peşəkar münsiflər heyətinin ürəklərini fəth etdi. Azərbaycan “Eurovision” arealının ən şərqində yerləşən ölkədir. Bütün Avropa üçün Azərbaycanı, onun mədəniyyətini və xalqını tanımaq, qonaqpərvərliyinin şahidi olmaq imkanı yaranıb. Bura ta qədimdən «Odlar Yurdu» kimi tanınır. Azərbaycanın «Odlar diyarı» olduğunu əks etdirmək və “Eurovision” ab-havasını yaşatmaq üçün builki müsabiqə «Light Your Fire!» şüarı altında keçiriləcək.

Harada keçirilməyindən asılı olmayaraq, nəhəng “Eurovision” mahnı müsabiqəsi layihəsinin cəmi bir il müddətində ərsəyə gəlməsi böyük səy tələb edir. Təşkilatçı - yayımçı İctimai Televiziya Avropa Yayımları Birliyi (EBU) və müxtəlif yerli, eləcə də beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq nəticəsində üç heyrətamiz şoudan ibarət yaddaqalan bir müsabiqə hazırlayıb.

İctimai TV-nin İşçi Qrupuna, tərəfdaşlara və sponsorlara ötən bir il ərzindəki gərgin əməklərinə görə dərin təşəkkürüm bildirirəm. Eyni zamanda Sizə - “Eurovision” mahnı müsabiqəsinə ifaçı, nümayəndə heyəti, könüllü, jurnalist, fanatlar və ya televiziya tamaşaçısı kimi qatıldığını üçün minnətdaram.

Sonda 42 ölkənin bütün təmsilçilərinə uğurlar arzulayıram. Bu səhnə səbirsizliklə sizin gözəl çıxışınızı gözləyir!»

«Eurovision-2012» mahnı müsabiqəsinin baş prodüseri Adil Kərimli də salamlama ilə çıxış edib. Salamlamada bildirilir:

«Hörmətli qonaqlar,

Sizi İctimai Televiziya adından “Eurovision-2012” günlərində Bakıda salamlayıram. İşçi Qrup ötən aylar ərzində böyük səylə unudulmaz şou hazırlıqları aparmışdır. Mən gərgin iş və gözəl əməkdaşlığa görə hər bir kəsə dərin minnətdarlığımı bildirirəm.

İctimai TV “Eurovision” mahnı müsabiqəsində ilk dəfə 2008-ci ildə iştirak edəndə dünyanın bu məşhur yarışmasının bir neçə il ərzində bizim ölkəmizin paytaxtına gələcəyini təsəvvür belə etməzdik. Ötən il Düsseldorf qələbəsindən sonra isə bu müsabiqədə qalib gəlmək arzumuz ən gözəl “Eurovision” yarışması keçirmək arzusu ilə əvəzləndi və biz artıq «Light Your Fire!» şüarı altında bu məqsədə doğru gedirik.

İşçi Qrup adından Sizi Azərbaycanda, onun paytaxtı Bakıda 57-ci “Eurovision” mahnı müsabiqəsində bir daha salamlayıram!»
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR