Azərbaycan Gənclər Fondu Almaniyada təqdim olunub

Azərbaycan Gənclər Fondu Almaniyada təqdim olunub
# 16 iyul 2012 08:09 (UTC +04:00)
Bakı-APA. Almaniyanın Mannheim və Heidelberg şəhərlərində təşkil olunmuş “Biliyə əsaslanan səhiyyə naminə” Gənc Təbiblərin II Almaniya Forumunda iştirak etmək məqsədilə səfərdə olan Azərbaycan nümayəndə həyəti tərəfindən 13 iyul 2012-ci il tarixində Heidelberg Uniklinikasının nümayəndələri ilə görüş keçirilib.

Fonddan APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası Milli Məclisin üzvləri Ceyhun Osmanlı, İlham Məmmədov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov və doktor Qurban Mövsümov iştirak ediblər. Görüş zamanı Almaniyanın aparıcı tibb klinikalarından biri olan Heidelberg Uniklinikasında Azərbaycan-Almaniya münasibətləri, ölkəmizdə gənclər sahəsində həyata keçirilən fəaliyyətlər və tələbələrin xarici ölkələrdə təhsilinin dəstəklənməsi barədə məlumat verilib. Son bir neçə il ərzində yalnız Almaniyada tələbə mübadiləsi xətti ilə 500 nəfərdən çox azərbaycanlı gənc təhsil alıb. Eyni zamanda azərbaycanlı tələbələrin Heidelberg Uniklinikasında təhsil almasının və təcrübə keçməsinin mümkünlüyü müzakirə olunub. Azərbaycan dövləti tərəfindən gənclərə göstərilən diqqət və qayğı mövzusunda aparılan söhbət zamanı Azərbaycan Gənclər Fondunun fəaliyyəti barədə məlumat verilib. Həmsöhbətlərin diqqətinə çatdırılmışdır ki, Gənclər Fondunun imkanlarından nəinki Azərbaycanlı gənclərin, hətta digər ölkələrin, o cümlədən alman gənclərinin istifadə etməsi də mümkündür. Gənclərin Azərbaycanla bağlı hər hansı bir təşəbbüsünün dəstəklənməsinin mümkünlüyü alman alimlərinin nəzərinə çatdırılıb. “Biliyə əsaslanan səhiyyə naminə” Gənc Təbiblərin II Almaniya Forumunun rəsmi açılış mərasimində Mannheim Universitetinin professoru və alman cərrahlar cəmiyyətinin sədri Stefan Post, Heidelberg Klinikasının direktoru professor M.Tsaey, baş həkimi professor M.Beimler və professor N.Morath, həmçinin gənc azərbaycanlı alim Vüqar Yaqublu çıxış edərək qonaqları salamlamış, toplantıya start vermişlər. 150 nəfərdən çox xaricdə tibb sahəsi üzrə təhsil alan azərbaycanlı gəncin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Milli Məclisinin üzvləri Ceyhun Osmanlı, İlham Məmmədov, Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin müşaviri Rizvan Nəbiyev, Azərbaycan Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov çıxış ediblər. Tədbir zamanı Azərbaycan Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov Fondun təqdimatını keçirib, qurumun saytı və gənclərin təşəbbüslərinin dəstəklənməsi üçün qaydalar barədə məlumat verib. Tədbir iki gün ərzində ayrı-ayrı panellər üzrə davam edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR